Hər bir millət öz milli qəhrəmanları ilə daima qürur hissi duyur. Hal – hazırda Azərbaycanın 211 Milli Qəhrəmanı var və onlardan yalnız 17 nəfəri sağdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu gün gənclərimizin əksəriyyəti Azərbaycanın Milli Qəhrəmanlarını yaxşı tanımır və ya onlarla bağlı tam olaraq məlumatlı deyillər. Gənclər onların adlarını bilməli, onlarla qürur duymalı, onların bioqrafiyasını öyrənməli, həmin insanlara bənzəməyə çalışmalı və onlar haqqında məlumatları gələcək nəsillərə ötürməlidirlər. Bu böyüyən nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin bir hissəsi olmalıdır.
Bütün bunları nəzərə alaraq, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilati dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli Qəhrəmanlarımızı Xatırlayaq və Tanıdaq” layihəsi çərçivəsində özündə zənginməlumatları birləşdirən www.milliqehramanlar.az saytı hazırlanmışdır.
Qeyd edək ki,“Milli Qəhrəmanlarımızı Xatırlayaq və Tanıdaq”layihəsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.3. Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi bəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyinə təqdim olunmuşdur.