Azərbaycanda növbəti prezident seçkilərinin tarixi təsdiq edildi

Azərbaycanda növbəti prezident seçkilərinin tarixi təsdiq edildi
SİYASƏT
16:07 30.11.2018
4611
Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyət aradan qaldırılıb.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstitusiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir. Ziddiyyətin aradan qaldırılması məqsədilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir. 

Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir. 

Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.
OXŞAR XƏBƏRLƏR