"Azərbaycanda qadınlar var ki, kef üçün evlənib, kef üçün boşanır" - VİDEO

SOSİAL
12:40 03.10.2022
8075
Tanınmış psixoloq, "CAN” psixoloji bərpa və istirahət Mərkəzinin rəhbəri Nizami Orucov AZXEBER.COM-un qonağı olub.

Nizami Orucov son vaxtlar gündəmdə olan bir sıra məsələlər barədə sualları cavablandırıb. Psixoloq müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib.

Həmin müsahibəni təqdim edirik:

- Son vaxtlar cəmiyyətdə azyaşlılara qarşı təcavüz hallarının sayı artıb. İnsanların azyaşlılara meyl göstərməsi nə ilə bağlıdır? Bu cür hadisələrin psixoloji tərəfləri haqqında danışmanızı istəyərdim.

- Əslində, son vaxtlar azyaşlılara qarşı təcavüz hallarının artması fikri ilə razı deyiləm. Ona görə ki, bu, hər zaman olub. Sadəcə olaraq, məsələ ondadır ki, sosial şəbəkələrin, medianın inkişaf etməsi ilə bu məlumatlar daha çox ictimailəşir. Daha əvvəllər Azərbaycanda bu cür hadisələrin sayı kəskin dərəcədə çox olub. İndi də eyni qaydada davam edir. Mən konsultasiyalarda 30, 40, 50 yaşlı qadınlarla işləyərkən tanışlıq zamanı onların uşaq vaxtı təcavüzə uğradığı bir çox hadisələr ortaya çıxıb. İstər öz ailə üzvləri tərəfindən, istər qohumları, qonşuları tərəfdən, məktəbdə, hazırlıqda və s. bu cür hadisələrin sayı-hesabı yoxdur. Amma indi daha çox ictimailəşir. Sosial şəbəkələrin burada müsbət mənada rolu genişdir. Çünki artıq bu cür hadisələrə susulmur. Daha əvvəllər isə təcavüzə uğramış uşaq bunu anasına, atasına deməyə qorxurdu, utanırdı. Uşağa və ya təcavüz edən uşağa nəsə edərlər deyə. Mən çox hadisə ilə qarşılaşmışam ki, ana azyaşlı övladına təcavüz halını yoldaşından, qohumlardan, hətta dövlət orqanlarından gizlədib.

- İnsanlarımızın geyimlə bağlı ciddi problemlər yaşadığını müşahidə edirik. Bir çoxları kişilərin şortik geyinməsinə narazılıq ifadə edir. Bəziləri xanımların geyiminə müdaxilə edir. Bu cür təfəkkürün formalaşmasına səbəblər nədir? İnsanlar niyə başqalarının şəxsi işinə qarışmağı xoşlayır?

- İki il əvvəl Yaponiyadan mənim qonaqlarım var idi. Yaponun telefonunda problem var idi, izah etdim ki, gedib operatora müraciət etsin. Axşam yaponla yenidən görüşəndə gördüm ki, bu şokdadır. O, mənə belə bir sual verdi ki, sizdə hər kəsdən icazəsiz telefonu götürürlər? Bu gedib ki, operatora müraciət etməyə, telefon öz əlində tutub göstərərkən operator heç nə demədən telefonun onun əlindən alıb. Yapon səhərdən axşama qədər bunun şokunu yaşayıb ki, bu, mənim şəxsi əşyamdır, mənə aiddir. Geyim də əslində bunun kimi bir məsələdir. Bu misalı ona görə çəkdim ki, bizim cəmiyyətdə şəxsi sərhədlər anlayışı yoxdur. Təbii ki, cəmiyyətimizdə bir çox insanın o cür davranmasının səbəbləri biri də boş-bekarlığın çox olmasıdır. İnsanlar öz həyatlarına, problemlərinə nəzər yetirsələr, görərlər ki, onları həll etməkdən başqa nəyəsə vaxt qalmaz.

- Müxtəlif zamanlarda sosial şəbəkələrdə intim videolarının yayılması halları ilə qarşılaşırıq. Bu cür videolar maraq həddən artıq olur və belə videolar sürətlə yayılır. Sizcə insanlar porno videolara niyə bu qədər maraq göstərir?

- Bu, bizim insanların pornoya marağı ilə bağlı deyil. Çünki porno ilə bağlı olsaydı, insanlar həmin günlərdə də elə pornoya daha çox baxardı, nəinki kimisə şəxsi həyatından yayılmış intim videoya. İndi qarşımıza çıxır, görürük ki, şəxsi həyatdan yayılmış intim videoların çoxu keyfiyyətsizdir. Yəni zövq, estetika baxımından burada zövq alına biləcək səhnələr yoxdur. İnsanlar pornoya yox, yenə də digər insanların şəxsi həyatına, digər insanın biabır olmasına, düşüşünə tamaşa etməyə qaçır.

- "Tiktok” sosial platforması cəmiyyəti iki yerə ayırıb. Günün əksər hissəsini orada keçirənlər və onları tənqid edənlər. Sizcə, bu platforma gənclərin gələcəyinə və cəmiyyətə mənfi təsir edirmi?

- "Tiktok” sadəcə olaraq bir platformadır. Bu bir səhnədir. Bu səhnədə də niyyətin hara, mənzilin ora. Orada hər kəs istədiyi şeyləri tapir. "Tiktok”da ev şəraitində yeməklərin bişirilməsindən, dünya mətbəxindən tutmuş, elm, ədəbiyyat, maarifləndirməyə qədər minlərlə səhifə və milyonlarla video var. Təbii ki, bununla yanaşı "Tiktok” Azərbaycan kimi ölkələrdə pozğun, əxlaqsız həyat tərzi yaşayan qadın və kişi üçün əla bir fürsət oldu. Amma yenə də məsələ onların nə ilə məğul olmasından getmir, cəmiyyətimizin "canında” nələr var, məsələ odur. Cəmiyyətin, vətəndaşların niyyəti haradır, problem oradadır. "Tiktok” sadəcə olaraq bir güzgüdür.

- Qadın kişi bərabərliyi və ya bərabərsizliyi zaman-zaman gündəmdə olan, qarşılıqlı iradlar səsləndirilən məsələlərdən biridir. "Kişiyə olar, qadına olmaz” düşüncələrini hansı amillər formalaşdırır? Və bunlara münasibət necə olmalıdır?

- Ümumiyyətlə, kişi-qadın bərabərliyi olsun və ya kişiyə nəsə olar, qadına olmaz, fikirləri ilə razı deyiləm. Kişi-qadın bərabərliyi bir çox ailələrdə və cəmiyyətimizdə, bir az da Qərbin, feminist hərəkatların təsiri ilə, çox vaxt nəyisə həll etmək əvəzinə münaqişəyə çevrilir. Qadın və kişi o mənada bərabərdir ki, onlar bir-birini tamamlayırlar. Nə kişi üstündür, nə də qadın. Amma bərabərlik söhbətində bu, söz-söhbətə səbəb olur. Ortaya yeni bir şey çıxarmır. Əksinə söyüşə, təhqirlərə, alçaldıcı məsələlərə keçir. Əvvəllər kişi üstün görülüb, qadın aşağı görülürdüsə, indi də bərabərlik adı ilə kişini aşağılayıb, qadını yüksəltməyə çalışırlar. O bərabərlik tarazlığı yenə də pozulur.

Amma kişiyə nəsə olar, qadına olmaz fikri ilə ona görə razı deyiləm ki, məsələn götürək spirtli içki və ya tütün məhsulları, bu, kişiyə də, qadına da ziyandır. Hər ikisi içməsə və çəkməsə daha yaxşı olar. Daha keçmişdə qadın hər zaman təhlükədə idi və kişinin qorunmasına ehtiyac duyurdu. Buna görə də kişidə bir çox səlahiyyətlər və üstünlüklər var idi. Amma müasir zamanda, təbii ki, ailə və milli dəyərlər nəzərə alınmaq şərti ilə, indi artıq hər şey daha asanlaşıb. Qadının küçəyə çıxması ilə bağlı, parkda gəzməsi ilə bağlı, restorana gedib nahar etməsi ilə bağlı hər hansısa təhlükəli məqamlar yoxdur. Ona görə də, hər daim kişinin qorumasına ehtiyac yoxdur. Amma cəmiyyətimiz tam olaraq hələ buna uyğunlaşmayıb

- Statistikaya baxanda boşanma hallarının artdığını görürük. Boşanma prosesindən sonra daha çox qınanan isə qadınlar olur. Nəticə etibarilə boşansa da, boşanmasa da əziyyət çəkən qadınlar olur. Bu haqda danışaq. Bəzən deyirlər ki, boşanma ailədəki seksual problemlərə görədir. Bununla razısınız?

- Son fikirlə həm razıyam, həm yox. Ona görə ki, boşanmaların arasında seksual problemlər də önəmli yer tutur. Amma bu, birinci yerdə deyil. İlk növbədə bizdə hələ də ailə planlanması anlayışı formalaşmayıb. İnsanlar necə gəldi ailə qururlar. Evdə ailəsindən, ata-anasından bezmiş insan, əsasən də xanımlar, "canını” qurtarmaq üçün ilk qarşısına çıxan insanla ailə qurur. Evliliklə bağlı o qədər boşluqlar var ki, bunlar da real həyatda ailəyə çevriləndə ki, bunlar da tam ailə sayılmır, psixoloji, mənəvi, əqli cəhətdən ailə sayıla bilməz. Bunlar da çox vaxt boşanmalara səbəb olur. Ailə qurduqdan iki ay, üç ay sonra başa düşürlər ki, davam etmək mümkün deyil. Mən hər zaman zarafatla da olsa, türk seriallarının və Hollivud filmlərinin təsirini də qeyd edirəm. İnsanlar başa düşmürlər ki, həyat tamamilə fərqli amillərdən ibarətdir. Burada məişət var, məsuliyyət var, öhdəliklər var.

Qadınların boşanmadan sonra yaşadıqları məsələsinə gəldikdə isə bu, ümumiyyətlə, stereotipdir, mən bununla razılaşmıram. İllərlə hər zaman boşanmış qadından danışılıb, boşanmış kişilərdən danışılmayıb. Boşandıqdan sonra intihar edən, əyyaşlığa, narkomaniyaya meyl edən, həyatı məhv edilmiş kişilərdən danışılmayıb. Elə bil ki, boşanan ancaq qadındır, qadınların problem var, kişilərin problem yoxdur. Mənim özümdə birinci ailə həyatım alınmayıb. Boşanmış kişi sayılıram. Mən özümə gəlmək üçün, həyatımı bərpa etmək üçün 3-4 il əziyyət çəkdim. Bəziləri elə təsəvvür edir ki, boşanmış kişi boşanmanın səhər günü filmlərdəki kimi şampan partladıb, hoteldə əyləncə məclisi təşkil edir. Bu, belə deyil. Kişilərin əziyyət çəkməsi ilə bağlı çox misallar gətirə bilərəm. Boşanmış qadınların cəmiyyətdə qınanmasına gəldikdə isə, cəmiyyətimiz ümumiləşdirməyi sevir. Mən isə daha konkret danışmağı sevirəm. Boşanmış qadınların bir-birindən fərqi var. Qadın var ki, ailə qurur, haqsızlıqlara məruz qaldığı üçün boşanmaq məcburiyyətində qalır. Bu qadın boşandıqdan sonra öz həyatını və övladının həyatını toparlamaqla məşğul olur. Təhsilini davam etdirir, işini qurur. Amma qadın var ki, kef üçün evlənib, kef üçün boşanır. Belə qadınlar misalı ölkəmizdə çoxdur. Onlar haqqında heç kim danışmayıb, ilk danışanlardan biri mən olmuşdum. O qadının boşandıqdan sonra yaşayacağı həyat tərzi bəllidir.

- Universitetə qəbul ola bilməyən abituriyentlər ailədə ciddi psixoloji təzyiqlərə məruz qalırlar. Bu da bir çox hallarda intiharla nəticələnir. Öz nüfuzunu, qohumlarının nə deyəcəyini düşünən valideynlərin övladını düşünməməsinin səbəbi nədir?

- Burada hamımıza tanış olan "camata nə deyər” fikridir. Həmin valideynin marağı öz övladı, onun sağlığı, hətta təhsili deyil, sırf başqaları nə deyər deyə düşünürlər. Qardaşım oğlu qəbul oldu, mənim qızım da qəbul olsun. Onlar çox vaxt nə dediyin, övladla necə davrandığına fikir vermir. Nəticədə də bu cür hallarla üzləşirik.

- Demək olar ki, hər gün narkomaniya ilə bağlı xəbərlərə rast gəlirik. Bunun qarşısını almaq məqsədilə narkomaniyanın işıqlandırılması, bununla bağlı videoların çəkilməsi, müsahibələr doğru mübarizədirmi? Yoxsa bu da bir təbliğata səbəb olur?

- Böyük ehtimalla burada ilk ağıla Nail Kəmərli gəlir. Çünki son illərdə ən narkomaniyanın işıqlandırılmasında ən böyük fəaliyyəti o həyata keçirir. Onun işinin nəticəsini də görürük. Bir çox narkotacirlər həbs edildi, Bakının bir çox məhəllələri təmizləndi. Mən onu tamamilə dəstəkləyirəm, bununla bağlı nə qədər əks fikirlər səsələndirənlər olsa da. Çünki Azərbaycan cəmiyyətində bu və bunun kimi problemlər işıqlandırılmadan həll edilə bilməz. Bizim cəmiyyətin bir xüsusiyyəti var, biz susmağı və gizlətməyi tərcih edirik. Azyaşlıların seksual təcavüzə məruz qalması məsələsindəki kimi. Bu cəmiyyətdə hər zaman hər şeyə susulub. Ailənin narkoman oğlu olub, ört-basdır edib toy ediblər. İndi bəziinsanlar bu videolarda bəzi hissələrini kəsib paylaşırlar, necə ki, o məşhur xalanı paylaşırlar. O xala müəllimədir, orada danışır, problem deyir, indi nə edək ki, bəzi gənclər onu "remix” edirlər, səsini dəyişirlər. 3, 5, 10 belə hallar problem deyil. Əsas odur ki, insanlar belə məsələlərdə oyansın. Narkomaniyaya meyllilik bu şəkildə daha azalacaq. Şüurlu cəmiyyət daha sağlam cəmiyyət sayılır.
 
Aydın Nuri 

OXŞAR XƏBƏRLƏR