Bir neçə il öncə Şabran rayonunda ana öz oğlu Elşad Məmmədov tərəfindən qaz açarı ilə qətlə yetirilmişdi. Doğrudur, cinayət törədən şəxsin ruhi xəstə olduğu təsdiqləndi və müalicə olunmaq üçün dispanserə göndərildi. Amma bu qandonduran hadisədə əsas məsələ - qətli törədən şəxsin məktəbdə hərbi hazırlıq fənnini tədris etməsi - diqqətdən kənarda qaldı.
Ötən ay Lerik rayonunda qonşusunu bıçaqlayaraq intihar edən məktəb direktoru Adil Rəhimovla bağlı xəbəri eşidəndə həmin hadisə yadıma düşdü. Həm də bu müəllimlərlə bağlı yeganə hadisə deyil. Faktlar son illər müəllimlərlə bağlı kriminal hadisələrin sayının artdığını göstərir. Bir neçə il öncə Goranboy rayon Dəliməmmədli şəhərində uşaq musiqi məktəbinin müəllimi Yolçu Məmişov də özünü güllələyərək intihar etmişdi. Ortaya sual çıxır ki, adi münaqişəni çözə bilməyən, çıxış yolunu qətl və intiharda görən, psixi durumu yerində olmayan məktəb direktoru, orta məktəb müəllimi şagirdlərə necə təlim və tərbiyə verə bilər? Kriminal hadisələrin məktəbə qədər gəlib çıxmaması üçün hansı tədbirlər görülməlidir?
Cəmiyyətdə əks-səda ilə yanaşı, həm də təəssüf hissi doğuran belə hadisələr ilk öncə həmin məktəbdə təhsil alan şagird və müəllim kollektivinin psixologiyasına mənfi təsir edir.
Hazırda cəmiyyətdə intihar, cinayət hadisəsi, özünə və ya başqasına xəsarət yetirmə və ya dələduzluq hadisələrinin əvvəlki dövrlə müqayisədə miqyas tanımadığını deyən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovun virtualaz.org-a dediyinə görə, burada fərdin psixoloji xüsusiyyətlərindən asılı məqamlar var:
"Psixoloji problemlər və psixoloji rahatsızlıq sərhəd tanımır. Burada genetik, sosial, psixoloji amillər rol oynayır. Nəzərə almaq lazımdır ki, bu gün insanlarda psixoloji gərginlik, narahatlıq əvvəlki illərlə müqayisədə çox böyükdür. Əvvəllər müəllimlərə yanaşma çox fərqli idi, indi fərqlidir. Əvvəllər müəllimlərdən tələb olunan keyfiyyətlər ayrı idi, indi ayrıdır. Əvvəlki uşaqlar da başqa idi, indi başqadır. Buna uyğunlaşmaqda bəzən müəllimlər çətinlik çəkirlər və bəzən müəllimlə şagird arasında problem yaranır. Müəllimlərin öz aralarında problem yaranır. Nəticədə, bu da gətirib intihar, bəzən cinayət hadisələrinə çıxarır. Bu həmişə olub, amma əvvəlki illərlə müqayisədə daha çoxdur. Psixoloji problemlər də əvvəlki illərlə müqayisədə üstünlük təşkil edir".
Psixoloq hesab edir ki, müəllimləri işə götürərkən psixoloji testdən də keçirmək lazımdır. Orta məktəblərdə psixoloqlar olsa da, onlar şagirdlərin üzərinə təhkim olunub.
"Bu gün bütün dünyada fiziki sağlamlıqla bərabər psixi sağlamlığa da diqqət ayrılır. Müəllimləri işə götürərkən psixoloji testdən keçirmək, treninqlər aparmaq olar. Ümumiyyətlə, məktəb direktoru bir qədər həssas olsa, müəllimlərlə bağlı psixoloji problemləri özü həll edə bilər. Çünki bir kollektivdə çalışırlar və hər gün də bir-birini görürlər. Sadəcə, buna istək və həvəs lazımdır", - E.Rüstəmov belə deyir.
Son illər məktəb müəllimləri arasında kriminal hadisələrin artmasının qarşısının alınması üçün Təhsil Nazirliyindən də hansı işlərin görüldüyü ilə maraqlandıq. Nazirlikdən yalnız onu bildirdilər ki, müəllimlərin işə qəbulu zamanı müvafiq komissiyası tərəfindən müəllimlərin ümumi dünyagörüşü və psixoloji vəziyyətləri yoxlanılır və müvafiq qərar qəbul edilir.
///Milli.az