Paytaxt və bölgələrdə qrip virusuna qarşı peyvəndləmə kampaniyası start götürüb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, vaksinasiya proqramının əsas məqsədi xəstəliyin yayılmasının qarşısını almaq və risk qrupuna daxil olan şəxsləri – uşaqları, yaşlıları və xroniki xəstəlikləri olanları qorumaqdır.
Professor, infeksionist Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında bildirib ki, qrip əleyhinə peyvənd aktiv immunizasiyanın bir formasıdır və bədənin müdafiə sistemini gücləndirir:
"Virus xəstəliklərində vaksinasiya birmənalı şəkildə xəstəlikdən tam qorunmanı təmin etmir. Amma immun sisteminin sağlam qalması və bədənin xəstəliyə qarşı hazır vəziyyətdə olması üçün çox vacibdir”.
Mütəxəssis əlavə edib ki, qrip əleyhinə vaksin hər il əvvəlki dövrlərdə müşahidə olunan virus mutasiyalarına əsasən hazırlanır:
"Vaksinlər əvvəlki illərin virus növlərinə görə formalaşır, amma yenə də insan orqanizmini xəstəliyə qarşı hazırlıqlı vəziyyətə gətirir. Dünya Səhiyyə Təşkilatının insan sağlamlığını təhdid edən 10 əsas amildən biri də yaxın gələcəkdə gözlənilən qrip pandemiyasıdır. Qrip virusu hər il mutasiyaya uğrayır və müxtəlif əlamətlərə malik olur”.