Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadıldı. Bu barədə ötən həftə Nazirlər Kabineti qərar verdi. Karantin rejiminin müddətinin növbəti ilin martına qədər uzadılması quru sərhədlərinin də 2023-cü ilin yanvarında açılacağı ehtimalını doğrultmadı.
Bəs 2023-cü ildə quru sərhədlərinin açılması ilə bağlı hansı gözlənilər var?
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı AZXEBER.COM-a fikirlərini bildirib.
Deputat qeyd edib ki, quru sərhədlərin bağlı qalmasının təhlükəsizliklə bağlı olduğunu deyib:
"Bu məsələnin əsas mahiyyətinə Cənab Prezident öz münasibətini ifadə edib. Bu, həm də ölkəmizin, dövlətin təhlükəsizliyi ilə bağlıdır ki, burada bütün təhlükəsizliyə təhdid yaradan məsələlər nəzərə alınır”.
Deputat 2023-cü ildə quru sərhədləri ilə bağlı gözləntilər məsələsinə Operativ Qərargahın bu məsələləri diqqətdə saxladığı deyib:
"Digər tərəfdən koronavirus pandemiyası hələ də sona çatmayıb. Biz hər gün Azərbayanda da verilən statistikaya görə, yoluxma sayında bir az sabitləşmə, azalma, eyni zamanda çoxalma, qabarma hallarını müşahidə edirik. Nəzərə alsaq ki, dünyada da bu pandemiya tamamilə başa çatmayıb. Əksinə, Çində virus özünün yeni bir mərhələsinə qədəm qoyub və daha da geniş yayılıb. Ona görə də ölkəmizin, xalqımızın təhlükəsizliyi üçün, sağlamlığı üçün quru yollarının bağlı saxlanılmasını Operativ Qərargah məqsədəuyğun hesab edir. Operativ Qərargah bu məsələyə kifayət qədər ciddi diqqət yetirir. Məsələlər təhlil olunur”.
F.Ağamalı bildirib ki, bütün amillər təhlil olunaraq qərarlar qəbul olunur:
"Dünyada, regionda, eləcə də Azərbaycanda bunun yayılma tempi, trayektoriyası və s. amillər təhlil olunur və ona uyğun olaraq müvafiq qərar qəbul olunur. Təbii ki, mən bütün narazıları başa düşürəm, amma təhlükəsizlik üçün və lənətə gəlmiş pandemiyanın yenidən geniş miqyas almaması üçün insanları təmkinli olmağa dəvət edirəm. Operativ Qərargahın qəbul etdiyi qərarlara hər hansı tərəddüd etmədən əməl etməsini arzulayıram”.
Xatırladaq ki, Azərbaycanın quru sərhədləri pandemiya səbəbindən 2020-ci ilin mart ayında bağlanıb. Hazırda Azərbaycanı tərk etmək yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.
Aydın Nuri