Azərbaycanda koronavirusa yoluxma sayında kəskin azalma müşahidə olunmaqdadır. Son günlər yoluxma və ölüm halları minimum həddə düşüb. Bu səbəbdən ölkədə karantin rejimi yumşaldılır.
İndi vətəndaşları düşündürən əsas məsələ qapalı məkanlarda maska taxmaq tələbinin nə zaman ləğv olunacağı və quru sərhədlərin açılmaq qərarıdır.
Bəs qapalı məkanlarda maska taxmaq qərarı nə vaxt ləğv ediləcək və quru sərhədlər nə zaman açılacaq?

Milli Məclisin deputatı Rüfət Quliyev AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.
Deputat deyib ki, quru sərədlərin mayın 1-dən etibarən açılacağı gözlənilir:
"Mənə elə gəlir ki, ən yaxşısı biz Operativ Qərargahın qərarlarını gözləməliyik. Mayın 1-dən quru sərhədlər açılacaq. Mərhələ-mərhələ Azərbaycanda yumşalma addımları atılır. Biz nəzərə almalıyıq ki, bu bəla, infeksiya dünyadan tam olaraq əl çəkməyib. Bilirsiniz ki, Çində 25 milyonluq əhalisi olan şəhərlər lokdaundadırlar. Deməli bu, çox təhlükəli məsələdir. Ola bilər ki, Ukraynada gedən müharibə müvəqqəti olaraq bütün bəşəriyyəti özünə cəlb edib, bütün məlumatlar insanlar üçün oradan maraqlıdır. Bu da müvəqqətidir. Ona görə də, gəlin biz dövlət qurumunun işinə qarışmayaq. Amma inanıram ki, bu yaxınlarda ikinci mərhələdə həmin o sanitar maskanın yığışdırılması barəsində yumşalmaya tərəf addım atılacaq”.
Aydın Nuri