Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
SOSİAL
17:46 02.07.2025
399

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.

AZXEBER.COM-un xəbərinə görə, bu, Milli Məclisin iyulun 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranmışdır. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
OXŞAR XƏBƏRLƏR