"Bu gün Azərbaycanda müşahidə olunan havanın
temperaturu çoxillik normadan 2-3 dərəcə yüksəkdir".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm HəsənovAPA-ya deyib ki, belə hava şəraitinin olması cənubdan hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.
Onun sözlərinə görə, yanvar ayında belə havanın olması anomal
haldır və çox az-az hallarda qeydə alınır: "Son 10-15 ildə ölkə ərazisində
belə hal müşahidə olunmayıb. Sonuncu dəfə 2010-cu ildə havanın temperaturu
iqlim normasına bir qədər yaxın olub. Amma o zaman çoxillik norma ilə bir dərəcə
fərq var idi. Bu il isə rayonlarda, o cümlədən Bakıda havanın temperaturu
çoxillik normadan 2-3 dərəcə yüksəkdir".
M.Həsənov vurğulayıb ki, hündürlüyü 500-600-dən yuxarı olan dağlıq ərazilərdə
isə hava şəraiti çoxillik normaya uyğundur.