Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək

Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
İQTİSADİYYAT
17:20 09.07.2026
387
Azərbaycanda turizmin inkişafını sürətləndirmək məqsədilə hazırlanan yeni dövlət proqramında turizm infrastrukturu layihələrinə subsidiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Hazırda hökumət daxilində razılaşdırılmasının yekun mərhələsində olan proqram nəqliyyat əlçatanlığının artırılması, turizm məkanlarına çıxışın yaxşılaşdırılması və sektorun inkişafına mane olan əsas problemlərin aradan qaldırılmasını hədəfləyir. Bu barədə Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə məlumat verib.

Turizm eksperti Rəhman Quliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu proqram turizmlə əlaqəli bütün sahələrin inkişafına müsbət təsir göstərəcək:

"Bu proqram turizmlə əlaqəli bütün sahələrin inkişafına müsbət təsir göstərəcək. Nəticədə gələcəkdə Azərbaycana gələn xarici turistlərin sayının 5-6 milyona çatdırılması hədəflənir. Proqram çərçivəsində ölkədə fəaliyyət göstərən turizm sektoru əməkdaşlarının, xüsusilə də turizm bələdçilərinin sertifikatlaşdırılması, hotellərin ulduz təsnifatının beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Bu tədbirlər ölkəyə gələn turistlərin məmnunluq səviyyəsinin yüksəldilməsinə və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək”.

O qeyd edib ki, bəzi ölkələrlə viza rejiminin sadələşdirilməsi ölkəyə gələn turistlərin sayının artmasına əhəmiyyətli töhfə verəcək:

"Bununla yanaşı, yol infrastrukturunun inkişafı, hava limanlarının fəaliyyətinin daha yüksək səviyyədə təşkili, turizm obyektlərinin xarici bazarlarda daha fəal tanıdılması, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və turistlərin Azərbaycana səfərini asanlaşdıracaq mexanizmlərin tətbiqi proqramın əsas istiqamətləri sırasındadır. Son aylarda Azərbaycana gələn turistlərin sayının artırılması məqsədilə Cənubi Koreya, Yaponiya, Sinqapur və Çin kimi iqtisadi cəhətdən güclü ölkələrin vətəndaşları üçün viza rejimində mühüm sadələşdirmələr həyata keçirilir. Bu addımlar da hazırlanmaqda olan yeni turizm proqramının əsas tərkib hissələrindən biri kimi ölkəyə gələn turistlərin sayının artmasına əhəmiyyətli töhfə verəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR