"Brent" və "Azəri Layt" bahalaşdı – Qiymətlər daha da arta bilər

"Brent" və "Azəri Layt" bahalaşdı – Qiymətlər daha da arta bilər
İQTİSADİYYAT
13:31 09.07.2026
193
Son günlər ucuzlaşma tendensiyası ilə diqqət çəkən dünya neft bazarında qiymətlər yenidən yüksəlişə keçib. Hazırda "Brent” markalı neftin bir barreli 78,93 dollara, yüngül neftin (WTI) bir barreli isə 74,37 dollara təklif olunur. Eyni zamanda, "Azəri Layt” markalı Azərbaycan neftinin də qiyməti artaraq bir barreli 82,07 ABŞ dollarına çatıb.

İqtisadçı Asif İbrahimov AZXEBER.COM-a açıqlamasında deyib ki, neft bazarında siyasi bəyanatlar da onun qiymətinin artıb-azalmasına təsir göstərir:

"Neft bazarında fundamental amillərlə yanaşı, geosiyasi hadisələr və hətta siyasi bəyanatlar da neftin qiymətinin artıb-azalmasına təsir göstərir.
Son günlər İran və ABŞ arasında baş verən qarşıdurma, eləcə də gəmilərin vurulması ilə bağlı insidentlər neft bazarında qiymətlərə təsir edən əsas amillərdən biri olub. Hazırda dünya bazarında neft qiymətlərinin yenidən yüksəlməsinin əsas səbəbi geosiyasi risklərin artmasıdır. Xüsusilə ABŞ və İran arasında gərginliyin yenidən kəskinləşməsi investorlarda neft tədarükünün təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Bu isə bazarda risk mükafatının yüksəlməsinə və nəticədə qiymətlərin bahalaşmasına səbəb olur”.

O qeyd edib ki, geosiyasi gərginliyin artması prosesi sürətləndirərək neftin bahalaşmasına əlavə dəstək verir:

"Xüsusilə dünya üzrə neft daşımalarının böyük hissəsinin həyata keçirildiyi Hörmüz boğazı ətrafında yaranan risklər bazar iştirakçıları tərəfindən diqqətlə izlənilir. Dünya üzrə gündəlik neft tədarükünün təxminən 20-21 faizi, mayeləşdirilmiş təbii qazın (LNG) isə təxminən 35 faizi bu boğaz vasitəsilə daşınır. Buna görə də tədarük zəncirində hər hansı fasilə ehtimalı belə qiymətlərə dərhal təsir göstərir.
Son həftələrdə qiymətlərin müəyyən qədər ucuzlaşmasından sonra investorların bir qismi yenidən alış mövqelərini açmağa başlayıb. Bununla yanaşı, geosiyasi gərginliyin artması da bu prosesi sürətləndirərək neftin bahalaşmasına əlavə dəstək verir”.

İqtisadçı bildirib ki, yaxın dövrdə neft bazarında yüksək volatilliyin davam edəcəyi gözlənilir:

"Yaxın Şərqdə gərginlik davam edər və tədarüklə bağlı risklər artarsa, neft qiymətlərində yüksəliş tendensiyası müəyyən müddət davam edə, hətta qiymətlər daha da arta bilər. Əksinə, diplomatik həll istiqamətində irəliləyiş əldə olunarsa və bazar iştirakçıları tədarük risklərinin azaldığını qiymətləndirərlərsə, neft qiymətləri yenidən sabitləşə və eniş trendinə qayıda bilər. Hazırkı mərhələdə bazarın əsas diqqəti neftə olan tələb və təklifdən daha çox geosiyasi proseslərə yönəlib. Yəni hazırda neft qiymətlərini əsasən risk mükafatının artması formalaşdırır. Risklər artdıqca bu, avtomatik olaraq qiymətlərə təsir göstərir. Neft təkcə enerji daşıyıcısı deyil, eyni zamanda psixoloji amillərə həssas olan strateji məhsuldur. Buna görə də bazarda baş verən hər bir geosiyasi hadisə qiymətlərdə dərhal öz əksini tapır. Yaxın dövrdə neft bazarında yüksək volatilliyin davam edəcəyi gözlənilir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR