Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card”) köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, sentyabrın sonuna ölkədə ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb. Bu, avqustun sonu ilə müqayisədə 414 min ədəd və ya 1,8 faiz çoxdur. Avqust ayında isə kartların sayı iyulla müqayisədə 189 min ədəd və ya 0,8 faiz artaraq 22 milyon 974 min ədəd təşkil edib.
Bəs ödəniş kartlarının sayındakı bu artım hansı amillərlə bağlıdır? Kartdan-karta köçürmələrə tətbiq edilən limitlər bu prosesə nə dərəcədə təsir göstərir?
İqtisadçı Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, ödəniş kartlarının sayında müşahidə olunan artım kifayət qədər maraqlı iqtisadi tendensiyadır:

"Ödəniş kartlarının sayında müşahidə olunan artım kifayət qədər maraqlı iqtisadi tendensiyadır. Ödəniş kartlarının sayı sentyabr ayında 414 min ədəd artıb. Bu, əvvəlki ayla müqayisədə 189 min ədəd çox, yəni 2,2 dəfə yüksək artım deməkdir. İki ay ərzində dövriyyəyə 603 min kart daxil olub. Düşünürəm ki, bu artımı birbaşa kartdan-karta köçürmə əməliyyatlarına tətbiq edilən limitlərlə əlaqələndirmək düzgün olmaz. Burada rəqəmsal bank xidmətlərinin genişlənməsi, bankların müştəri cəlb etmək istiqamətində həyata keçirdiyi tədbirlər, eyni zamanda əhalinin müxtəlif bankların kartlarından paralel istifadə etmək istəyi kimi amillər mövcuddur. Hesab edirəm ki, sonuncu amil bu prosesdə daha böyük rol oynayır”.
İqtisadçı qeyd edib ki, kartların sayının artması nağdsız ödənişlərin həcminin də eyni səviyyədə artması demək deyil:
"Kartların sayının artması nağdsız ödənişlərin həcminin də eyni səviyyədə artması demək deyil. Məsələn, avqust ayında kartların sayı 0,8 faiz artsa da, ölkədaxili nağdsız ödənişlərin həcmi 8,5 faiz azalaraq 8,9 milyard manata düşüb. Bu onu göstərir ki, kartların sayındakı artımla nağdsız dövriyyənin artım və ya azalma dinamikası arasında birbaşa əlaqə yoxdur.
Növbəti mərhələdə əsas diqqət kartların sayına deyil, ödəniş dövriyyəsinin şəffaflaşdırılmasına və nağdsız əməliyyatların iqtisadi məzmununa yönəldilməlidir. Xüsusilə kommersiya məqsədli köçürmələrin şəxsi köçürmələrdən fərqləndirilməsi, risk əsaslı nəzarətin təşkili və sahibkarlar üçün rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi olduqca vacibdir”.
O vurğulayıb ki, yeni tənzimləmənin əsas məqsədi uçotdan kənar dövriyyəni azaltmaq olmalıdır:
"Yeni tənzimləmənin əsas məqsədi uçotdan kənar dövriyyəni azaltmaq olmalıdır. Yeni tənzimləmənin uğuru kartların sayındakı dəyişikliklə ölçülməməlidir. Bu, daha çox nağdsız ödənişlərin həcmi, ödəniş dövriyyəsinin şəffaflıq səviyyəsi və iqtisadi əməliyyatların rəsmiləşdirilməsi, yəni uçota alınması səviyyəsi əsasında qiymətləndirilməlidir. Tənzimləmənin effektivliyi məhz qeyd etdiyim amillər əsasında müəyyən olunmalıdır”.
Şahanə Ziyad










































