“Azərbaycanın taleyi ilə bağlı qərarlar Bakıda qəbul olunur” - Deputat

“Azərbaycanın taleyi ilə bağlı qərarlar Bakıda qəbul olunur” - Deputat
SİYASƏT
12:36 27.10.2026
130
Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı bir sıra mühüm məsələlərə, o cümlədən beynəlxalq münasibətlərdə ikili standartlara və müstəqil dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinə toxunub.

Dövlət başçısı Azərbaycanın müstəqil siyasət yürütdüyünü, digər ölkələrin daxili işlərinə qarışmadığını və özünə qarşı da eyni münasibətin göstərilməsini gözlədiyini bildirib.

Prezident vurğulayıb ki, Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirilməsi, ölkəyə təzyiq göstərilməsi və kiminsə Azərbaycana nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqe ilə qarşılanacaq.

Dövlət başçısı Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal altında saxlamasına, etnik təmizləmə siyasəti həyata keçirməsinə və tarixi-dini abidələri dağıtmasına baxmayaraq, beynəlxalq səviyyədə cəzalandırılmamasını da ikili standartların nümunəsi kimi qiymətləndirib.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında deyib.  

O bildirib ki, heç bir tərəfdaşlıq modeli ölkəmizin suveren qərarvermə hüququnu məhdudlaşdıra bilməz:

"Prezident İlham Əliyevin "Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq” fikri Azərbaycanın müstəqil dövlətçilik fəlsəfəsinin, suveren siyasi iradəsinin və milli maraqlara əsaslanan xarici siyasət kursunun ifadəsidir. Bu mesajın mahiyyəti kifayət qədər aydındır: Azərbaycan beynəlxalq əməkdaşlığa açıqdır, dialoqu dəstəkləyir, lakin heç bir münasibət və tərəfdaşlıq modeli ölkəmizin suveren qərarvermə hüququnu məhdudlaşdıra bilməz”.

Parlamentari qeyd edib ki, Azərbaycanla təzyiq və diktə dili ilə deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında danışmaq lazımdır:

"Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız hərbi və iqtisadi imkanlarla ölçülmür. Ən mühüm göstəricilərdən biri müstəqil qərar qəbul etmək və həmin qərarın arxasında dayanmaq bacarığıdır. Azərbaycan da məhz bu prinsipdən çıxış edir. Prezident İlham Əliyevin siyasi xəttində dəyişməyən əsas məqam budur: ölkəmizin taleyi ilə bağlı qərarlar kənar siyasi mərkəzlərdə deyil, Bakıda qəbul olunur.

Son dövrlərdə regionumuz ətrafında gedən geosiyasi proseslər, müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşması, Ermənistanla sülh gündəliyi və Azərbaycanın müstəqil xarici siyasətinə münasibətdə ortaya çıxan fərqli yanaşmalar bu mövqenin aktuallığını daha da artırır. Burada prinsipial bir məqam var: Azərbaycanla təzyiq və diktə dili ilə deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında danışmaq lazımdır”.

V.İskəndərov deyib ki, Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur:

"Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur, heç bir ölkənin daxili işlərinə müdaxilə etmək niyyətində deyil. Eyni zamanda, öz daxili işlərinə müdaxiləni və milli maraqlarına zidd şərtlərin qəbul etdirilməsini də məqbul hesab etmir. Bu, qarşıdurma siyasəti deyil, suveren dövlətin hüquqlarına əsaslanan prinsipial mövqedir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın sülhə və regional əməkdaşlığa yanaşması da məhz bu məntiq üzərində qurulub. Sülh birtərəfli güzəştlər və kənardan diktə olunan siyasi şərtlərlə deyil, qarşılıqlı öhdəliklər, hüquqi təminatlar və real siyasi iradə ilə dayanıqlı ola bilər”.

"Prezidentin bəyanatında həm də mühüm diplomatik mesaj var: Azərbaycanla əməkdaşlıq etmək istəyən hər bir tərəf ölkəmizin müstəqil siyasətinə hörmət etməlidir. Fikir ayrılıqları mümkündür, maraqlar üst-üstə düşməyə bilər, lakin bunların həll yolu təzyiq mexanizmləri deyil, siyasi dialoqdur. Nəticə etibarilə, Azərbaycanın mövqeyi dəyişmir: tərəfdaşlığa açığıq, diktəyə yox. Çünki müstəqillik yalnız dövlət atributlarına sahib olmaq deyil, həm də öz milli maraqlarını sərbəst müəyyənləşdirmək və müdafiə etmək hüququdur. Azərbaycanın siyasi iradəsi də məhz bu prinsipə söykənir”,- deyə deputat vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR