Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borclarını ödəməkdə çətinlik çəkməsinə səbəb olur.
Bəs kredit borcunu ödəyə bilməyən vətəndaşları hansı hüquqi məsuliyyət gözləyir?
Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında bildirib ki, kredit borcunu ödəyə bilməmək avtomatik olaraq inzibati xəta və ya cinayət hesab edilmir.
Onun sözlərinə görə, bu, ilk növbədə mülki-hüquqi öhdəliyin yerinə yetirilməməsidir:
"Bankın və ya kredit təşkilatının borcu, faizləri və qanuni əsas olduqda gecikmə ödənişlərini tələb etmək hüququ var. Məsələ məhkəməyə çıxarıla bilər və məhkəmə qərarından sonra icra mərhələsi başlayır. Bu zaman borclunun bank hesablarına, əməkhaqqına və digər əmlakına qanunda nəzərdə tutulan qaydada tutma yönəldilə bilər.
Kredit tələbləri üzrə, bir qayda olaraq, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti tətbiq olunur. Lakin bu müddətin keçməsi borcun avtomatik silinməsi demək deyil. Bu, borclunun məhkəmədə istifadə edə biləcəyi hüquqi müdafiə vasitəsidir”.
Vəkil qeyd edib ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və icra sənədi icraya yönəldildikdən sonra borcluya qarşı məcburi icra tədbirləri görülə bilər:
"”İcra haqqında” Qanunun 43-cü və sonrakı maddələrinə əsasən, icra məmuru borclunun pul vəsaitlərinə, bank hesablarına, əməkhaqqına və digər gəlirlərinə, eləcə də daşınar və daşınmaz əmlakına tələb yönəldə bilər. Zərurət yarandıqda əmlak üzərinə həbs qoyula, həmin əmlak qiymətləndirilərək satıla və əldə olunan vəsait borcun ödənilməsinə yönəldilə bilər.
Əməkhaqqından tutulma qanunla müəyyən edilmiş hədlər daxilində aparılır. Adi kredit borcları üzrə bu məbləğ, bir qayda olaraq, gəlirin 50 faizindən çox ola bilməz”.
Roman Qaraşov bildirib ki, müəyyən hallarda kredit borcu olan şəxslərin ölkədən çıxışına da məhdudiyyət tətbiq edilə bilər:
"Borclu icra sənədini könüllü icra üçün verilmiş müddətdə üzrsüz səbəbdən yerinə yetirmədikdə və qanunda nəzərdə tutulan şərtlər mövcud olduqda, "İcra haqqında”’ Qanunun 84-1-ci maddəsinə əsasən, onun ölkədən getmək hüququ məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin bu tədbirlər kredit borcunun yaranması ilə avtomatik tətbiq edilmir. Bunun üçün icra sənədi və qanunda nəzərdə tutulmuş prosedurlar olmalıdır”.
Vəkil vurğulayıb ki, kredit borcuna görə inzibati və cinayət məsuliyyəti yalnız əlavə hüquqi əsaslar olduqda yarana bilər:
"İcra məmurunun qanuni tələblərinə üzrsüz səbəbdən əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə məsuliyyət yarada bilər. Cinayət Məcəlləsinin 306-cı maddəsi isə qanuni qüvvəyə minmiş məhkəmə aktının qərəzli şəkildə icra edilməməsinə aiddir. Şəxsin həqiqətən ödəmə imkanı yoxdursa, işsiz qalıbsa və ya gəliri kifayət etmirsə, bu hal özlüyündə cinayət tərkibi yaratmır. Ali Məhkəmənin dələduzluqla bağlı mövqeyinə əsasən, kreditin sonradan qaytarılmaması dələduzluq hesab edilmir. Dələduzluqdan yalnız şəxsin krediti götürərkən əvvəlcədən aldatmaq və qaytarmamaq niyyətində olduğu halda danışmaq olar. Hüquqi baxımdan kredit borcunu ödəyə bilməməklə borcu ödəməkdən qəsdən yayınmaq arasında ciddi fərq var”.
Şahanə Ziyad











































