Azərbaycanda uşaq ədəbiyyatı sahəsində yenilik
Kitaba olan marağı uşaq vaxtlarından aşılamaq lazımdır. Bu iş əsasən valideynlərin öhdəsinə düşür. Düzgün, keyfiyyətli və uşağa lazım olan məlumatlarla zəngin kitabları tapmaq, bizim kitab mağazalarında bir qədər çətindir. Amma son vaxtlar kitab rəflərini bəzəyən və öz rəngarəng görünüşü ilə diqqət çəkən yeni nəşriyyatlar da az deyil. Bu sahədə "3alma" uşaq ədəbiyyatının uşaqlara özəl olaraq çap etdirdiyi kitabları xüsusi vurğulamaq lazımdır. Kitablara olan marağı nəzərə alan, işin arxasında dayanan insanlarla yəni “3alma” uşaq ədəbiyyatının rəhbəri Kolin Makdonel və təhsil üzrə mütəxəssis Aysel Zahidqızı ilə görüşmək qərarına gəldik.
- Kolin xanım, neçə ildir Azərbaycanda kitab sahəsində çalışırsınız və ən çox çatışmazlıqlar nədədir?
- Mən artıq 8 ildir ki, Bakıda yaşayıram və işləyirəm. Uşaq kitab ədəbiyyatı sahəsində ən böyük problem, kitabların əksəriyyətinin rus dilində olması və beynəlxalq standartlara cavab verməməsidir. Nəzərə almaq lazımdır ki, ən həssas oxucular məhz uşaqlardır.
- Siz də uşaq kitablarının nəşri ilə məşğulsunuz. Bəs kitablarınız fərqi və üstünlüyü nədədir?
- Mənim özüm beynəlxalq təcrübəli kitabxanaçıyam və bilirəm ki, uşağa kitab oxumağa necə həvəsləndirmək olar. Kitablarımızın ən böyük üstünlüyü onun keyfiyyəti və təbii ki, dünya standartlarına cavab verməsidir. Biz kitab nəşr edərkən, uşaqların sahib ola biləcəyi istənilən həssaslıqlarını nəzərə alırıq. Bu allergiya ola bilər, bu göz zəifliyi ola bilər. Bizim istəyimiz odur ki, uşaqlar maksimum dərəcədə mütaliə etməkdən həzz alsınlar və faydalansınlar.
- Aysel xanım kitab nəşriyyatı sahəsində rastlaşdığımız ən böyük problem müəllif hüquqları ilə bağlıdır. Məlumdur ki, çoxlu sayda qeyri-qanuni yolnan kitab nəşrləri var. Bəs siz bu qaydalara necə riayət edirsiniz?
- Bizim riayət etdiyimiz ən əsas qaydalardan biri də məhz müəllif hüquqlarının alınmasıdır. Bəli bu vaxt və pul tələb edir. Amma bu olmadan hansı keyfiyyətdən söhbət gedə bilər ki. Biz müəlliflər ilə əlaqə yaradırıq və onların artıq özünü dünyada sübut etmiş, kifayət qədər oxucuları olan ən maraqlı kitablarının Azərbaycan dilində çap etmək hüququnu qazanırıq.
- Müasir uşaq ədəbiyyatları köhnə kitablardan nə ilə fərqlənir?
- Müasir kitablar daha yığcam, daha rəngarəngdir. Onlar uşaqların yaş həddinə görə bölünür. Hər yaş dövrünün öz kitabı var. Hazırki kitablar sanki uşaqlarla söhbət edir, onu düşündürür. Uşaqların təxəyyülünü inkişaf etdirməyə yönələn bu kitablar vasitəsilə uşaqlar artıq, lazımsız informasiya ilə beynini yükləmir. Nəticədə uşaq kitabı yenidən və yenidən oxumaq istəyir. Məqsədimiz də budur.
- Aysel xanım, dərs yükünün ağır olmasını səbəb gətirən məktəblilər necə faydalana bilər kitablardan?
- Bizim kitablarımız ancaq hekayələr və dünya nağıllarından ibarət deyil. Heyvanlar aləmi, dağlar, çaylar haqqında çox maraqlı və faydalı kitablarımız var. Şagirdlər dərslərini oxuyandan sonra, bu kitablar vasitəilə öz biliklərini daha da möhkəmləndirə bilərlər.
- Kolin, "3alma" uşaq ədəbiyyatı nəyə görə yerli uşaq yazarlarına müraciət etmir. Yoxdur ya necə?
- Sualinız lap yerinə düşdü. Biz hazırda uşaq yazarları axtarışındayıq. İstəyirik ki, ana dilimizdə uşaqlar üçün maraqlı kitablar yaza bilən yazarları ətrafımıza toplayaq. Nəyə görə beynəlxalq kitab sərgilərində, Azərbaycan dilində olan gözəl uşaq ədəbiyyatları olmasın. Məqsədimiz budur və biz inanırıq ki istedadlı gənclər də var. Sadəcə onları tapmaq lazımdır.
Həqiqətən gördüyünüz bu iş, Azərbaycan dilinə verdiyiniz bu önəm alqışalayiqdir. İnanırıq ki, yaxın gələcəkdə, hər bir uşağın , yeniyetmənin evində, kitab rəfində məhz bir-birindən maraqlı "3alma" kitabları olacaq.AZXEBER.COM
![](/file/pic/xeber/2016-02-15/15219.jpg)
![](/file/pic/xeber/2016-02-15/15221.jpg)
![](/file/pic/xeber/2016-02-15/15222.jpg)
![](/file/pic/xeber/2016-02-15/15223.jpg)