Azərbaycanda varlanan ermənini siz də tanıyın – ARAŞDIRMA – FOTOLAR

Azərbaycanda varlanan ermənini siz də tanıyın – ARAŞDIRMA – FOTOLAR
Bütün Xəbərlər
00:24 23.12.2012
13177
Həmtəsisçisi Ovanes Poqosyan olan “OneTwoTrip” şirkətinin nümayəndəliyi Azərbaycanda aviabilet satmaqla məşğuldur.
AZXEBER.COM-un məlumatına görə, portalımızın elektron ünvanına daxil olan şikayət məktubunda “OneTwoTrip” şirkətinin sahiblərindən birinin erməni əsilli biznesmen Ovanes Poqosyanın olduğu qeyd edilib. Şikayət məktubunda şirkətin Bakıda rəsmi nümayəndəliyinin olması haqqında məlumat bildirilib. Şikayətçi öz məktubunda qeyd edib: “Kim zəmanət verə bilər ki, Poqosyan sabah bu saytdan bilet və otel bron edən hansısa Azərbaycan məmurunun hərəkəti haqqında əvvəlcədən ona məlum olan məlumatları Ermənistan xüsusi xidmətinə ötürməyəcək?”.
Ovanes Poqosyan və Peter Kutisin ortaq şirkəti
AZXEBER.COM portalı olaraq, məsələnin ictimaiyyət üçün önəmini nəzərə alaraq məsələni araşdırmaq qərarına gəldik. İlk olaraq Ovanes Poqosyan və Peter Kutis haqqında internetdə axtarış verib, onların kim olması ilə bağlı məlumatlar əldə etdik. Məlumata görə, saytın rəhbəri Petr Kutisdir. O, 1977-ci ildə Kişinyovda doğulub. 2011-ci ildə o, Ovanes Poqosyan adlı erməni ilə aviabiletlərin onlayn satışı ilə məşğul olan «OneTwoTrip.com»u yaradıb. Bu xidmətlə təqribi olaraq gündəlik 700 aviabilet satılır, şirkətin aylıq dövriyyəsi isə 6 mln. dollardır. Bu saytın Azərbaycan versiyası «onetwotrip.az» vasitəsilə istənilən yerə bilet sifariş etmək olur. Şirkət dünyanın 500 aviaşirkəti ilə əməkdaşlıq edir.
Şirkət sahiblərindən birinin məhz Ovanes Poqosyan olması ilə bağlı bundan öncə Azərbaycan mətbuatında kifayət qədər informasiya verilib.
Ermənistan mətbuatı Azərbaycanı irqçilikdə günahlandırır?
Ermənistanın “armenianreport ” saytı Azərbaycan mətbuatının məsələnin üstünə bu qədər getdiyini görüb, “OneTwoTrip” haqqında geniş məqalə yayımlayıb.
Saytın “17.09.2012” tarixində “Азербайджанцы готовы бойкотировать даже частично принадлежащие армянам компании” başlıqlı yayımladığı yazıda Ermənilərə qarşı irqçiliyin hələ də Azərbaycanda davam etdiyi və Azərbaycan mətbuatının buna görə “OneTwoTrip” qalmqalını ortaya atdığı qeyd edilib. Yazıda İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI)-na bu haqda məlumat veriləcəyi də bildirilib.
“Onetwotrip.az”ın “Facebook”dan da kifayət qədər izləyicisi olduğunu görmək mümkündür. Şirkətin Azərbaycan dilli oxucular üçün yaratdığı səhifənin 78 mindən çox üzvü var ki, bu da bilet satışı ilə məşğul olan şirkət üçün kifayət edici rəqəmdir.
Ovanes Poqosyan kimdir?
Şirkətin sahiblərindən biri olan Ovanes Poqosyanın harada dünyaya gəlməsi haqqında məlumatlara rast gəlməsək də, onun Rusiyada nüfuzlu biznesmenlərdən biri olduğu məlum olub. Poqosyan “Biznes-Stil” jurnalına verdiyi müsahibədə öz şəxsi biznesindən və “Onetwotrip”in yaranmasından danışıb. O, bu layihənin öz ideası olduğunu söyləyib:
““www.onetwotrip.com” ən aşağı qiymətlərlə sürətli və rahat biletlərin alışını təmin edir. Bu mənim ideyam idi. Sözün düzü bu ideyanın bu qədər məşhur olacağını təxmin etmirdim. Amma bu layihə 6 ay ərzində aviabilet bazarında müştəriləri ümumi 300,000 dollar ziyandan xilas edib”.
Məsələylə bağlı Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri, Ümumdünya Birləşmiş Turist Təşkilatları Şurasının (UNWTO) vitse-prezidenti Nahid Bağırov da açıqlama verib. O hansısa bir Erməni kapitalı olan şirkətin Azərbaycanda fəaliyyətinin yolverilməz olduğunu söyləyib:
“Nə deyə bilərəm. Əvvəldə dediyim kimi, “OneTwoTrip” turizm sənayesində müzakirə olunan tamamilə problemli mövzudur. “OneTwoTrip” bizim bazara gəlib və tədricən öz biznesini fəallaşdırır.
Eyni zamanda, mən Turizm Assosiasiyası üzvlərindən bu resursun yaradıcılarından birinin erməni diasporuna fəal şəkildə maliyyə yardımı göstərən erməni əsilli biznesmen olması ilə bağlı bəzi KİV-lərdə informasiyaların yayılması ilə bağlı şikayət zənglərini qəbul etmişəm.
Narazı insanları başa düşmək olar. Çünki belə çıxır ki, bu onlayn sistemin xidmətlərindən əldə olunan gəlir Azərbaycanın yox, onun sahiblərinin və onlar tərəfindən maliyyələşdirilən şirkətlərin cibinə gedir. Axı yerli turizm şirkətləri aviabilet yazanda mənfəət ölkə daxilində qalır, həmçinin vergilər qismində.
Hazırki halda isə, biz Azərbaycan sərnişinləri hesabına qazanılan pulların aqibətini bilmirik!
Bir problem də var. Sirr deyil ki, aviadaşıyıcıların xidmətlərindən təkcə sıravi vətəndaşlar istifadə etmirlər.
Belə çıxır ki, həmin təsisçi hər bir sifarişə baxa, bu və ya digər şəxsin, eləcə də yüksək çinli məmurun hərəkət istiqamətini izləyə bilər ki, bu da hərbi münaqişə şəraitində yolverilməzdir. Bu, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu ilə bağlı mühüm beynəlxalq tədbirlərdə iştirak edən məmurların təhlükəsizliklərinin təmin edilməsi baxımından düzgün deyil.
Bu yazı vasitəsilə bir daha resursun ölkəmizdəki nümayəndələri və tərəfdaşlarının nəzərinə çatdırmaq istəyirəm ki, onun Azərbaycanda fəaliyyəti mümkün deyil. Üstəlik vətənpərvərlik və təhlükəsizlik məsələlərini də nəzərə alıb, bu fikirləri səsləndirirəm”.
Məsələ ilə bağlı “OneTwoTrip” şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə də əlaqə saxladıq. Şirkət rəsmisinin sözlərinə görə, şirkətin erməni əsilli şəriyi Ovanes Poqosyan “OneTwoTrip” şirkətindən uzaqlaşıb. Şirkətdən bu haqda gələcək günlərdə ictimaiyyətə daha geniş məlumat veriləcəyi bildirildi.
Qeyd edək ki, şirkət bundan öncə Azərbaycan mətbuatında yayılan bu xəbərlərə aydınlıq gətirmək üçün 2012-ci ilin sentyabr ayında ictimaiyyətə təkzib məktubu da göndərib. Məktubda deyilir:
“Son zamanlar Azərbaycan internet məkanında “Onetwotrip” şirkəti haqqında həqiqəti əks etdirməyən böhtan xarakterli xəbərlər dərc olunur. Biz “Onetwotrip” şirkəti olaraq bəyan edirik ki, şirkətimiz biletlərin onlayn rezervaziyası və satışı sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin sahibləri isə Petr Kutis və “Phenomen Ventures” beynəlxalq fondudur”.
Araşdırmanı hazırladı:
Əfsələddin Ağalarov
OXŞAR XƏBƏRLƏR