Azərbaycanda vətəndaş nikahı ilə yaşayanlar artıb

Azərbaycanda vətəndaş nikahı ilə yaşayanlar artıb
SOSİAL
10:11 09.07.2025
269
"Azərbaycanda ailə anlayışı dəyişir, lakin məsuliyyət məsələsi arxa planda qalır”.
   
AZXEBER.COM xəbğr verir ki, Bu fikirləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a açıqlamasında söyləyib. 

O bildirib ki, müasir dövrdə xüsusilə qərbyönümlü düşüncəyə sahib gənclər arasında ailə qurmazdan əvvəl birgə yaşamaq halları artmaqdadır.

M.Zeynalovanın fikrincə, bəzi gənclər xaricdə təhsil aldıqları dövrdə qazandıqları fərqli mədəniyyətlərin təsiri ilə münasibətləri rəsmi nikah olmadan sınaqdan keçirməyə üstünlük verirlər:

"Şəxslər bir müddət birgə yaşayır, sonra ya evlənirlər, ya da ayrılırlar. Bu proses, adətən sakit və asan başa çatır, çünki ortada hər hansı rəsmi öhdəlik yoxdur. Eyni zamanda birgə yaşadıqları dövrdə gələcəkdə yarana biləcək əlavə məsuliyyətlərdən yayınmaq məqsədilə uşaq sahibi olmamağı seçirlər”.

Onun sözlərinə görə, bu cür yanaşma çox vaxt böyük təbliğat maşınlarının təsiri ilə formalaşır. Belə ki, cinsi uyğunluq və emosional yaxınlıq məsələləri münasibətlərdə əsas meyar kimi təqdim olunur:

"Bu gənclər uyğunluğu yoxlamaq üçün partnyorlarını tez-tez dəyişə bilirlər. Məsələn, 2-3 il bir yerdə yaşayıb, sonra ayrılıb yeni münasibətə başlayırlar. Əslində, bu, məsuliyyətli seçim kimi görünə bilər, amma dərinliyində məsuliyyətdən qaçmaq dayanır. Təbii ki, bu onların könüllü qərarıdır”.

O həmçinin qeyd edib ki, bu münasibətlərdə yaranan emosional bağlılıqlar sonradan travmaya da çevrilə bilər:
"Bir qadın münasibət zamanı artıq emosional bağ qurur, amma sonra partnyoru sadəcə "uyğun deyilik" deyə ayrılma qərarı verir və ya əksinə. Bu prosesin psixoloji yükü çox ciddi ola bilər”.

M.Zeynalova bu modelin artmaqda olduğunu, amma paralel olaraq erkən nikah kimi digər problemlərin də hələ cəmiyyətdə mövcudluğunu vurğulayıb:

"Erkən nikahlarda rəsmi öhdəlik var kimi görünür, amma əslində orda da uşaqların rəyinə önəm verilmir. Böyüklər toplaşır, toy edilir, amma seçim azadlığı yoxdur”.

O əlavə edib ki, hər iki modelin ortaq cəhəti rəsmi nikahın olmamasıdır. Onların heç biri tam şəkildə ailə kimi qəbul edilə bilməz. Onun fikrincə, erkən nikahlarda çox vaxt uşaq dünyaya gəlir, amma həmin uşağın məsuliyyəti ciddi şəkildə alınmır.

Həmsöhbətimiz sonda Azərbaycanda müxtəlif ailə modellərinin mövcud olduğunu, lakin bunun cəmiyyət tərəfindən etiraf edilmədiyini də diqqətə çatdırıb:

"Bəzi hallarda sosial şəbəkələrdə "boşanmalar olmasın deyə gənclər əvvəlcə birgə yaşasınlar” fikirləri irəli sürülür. Amma bu, bizim mental düşüncəmizə görə çox çətin və ağrılı keçən bir prosesdir. Bu modelin tərəfdarları psixoloqlara müraciət edirlərmi, bu haqda dəqiq məlumatım yoxdur. Amma düşünürəm ki, belə müraciətlər mütləq olur”,- deyə M.Zeynalova bildirib.
OXŞAR XƏBƏRLƏR