‘Azərbaycanda yaşayan rusların oğrusu da var, əyrisi də’ - Sabir Rüstəmxanlı

SİYASƏT
14:20 14.10.2013
1904

“Onlar unutmamalıdırlar ki, Azərbaycanda da Ruslar yaşayırlar”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı söyləyib. Millət vəkili, ötən gecə Moskvada 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsindən sonra, yerli milliyətçilər tərəfindən azərbaycanlı miqrantlara qarşı yönələn təzyiqlərdən danışıb:

“Bu hadisə Rusiyada yaşayan azərbaycanlı miqrantları sıxışdırmaq üçün hansısa qurma iş də ola bilər. Təbii ki, Rusiyada yaşayan həmvətənlərimizi oradan sıxışdırıb çıxartmaq ilk növbədə Rusiya hökumətinə sərf etməz. Çünki Rusiyanın iqtisadiyyatını ayaqda saxlayanların əksəriyyəti azərbaycanlılardır. Ona görə də Rusiya hakimiyyəti bunu yaxşı dəyərləndirməli və proseslərə fərdi yanaşmalıdır. Ümumi şəkildə həmvətənlərimizi sıxışdırmaq problemdən başqa heç bir şey yaratmaz və iki ölkə arasında münasibətlərə xələl gətirər. Onlar unutmamalıdırlar ki, Azərbaycanda da Ruslar yaşayırlar. Azərbaycanda yaşayan Rusların oğrusu da var, əyrisidə. Ancaq hansısa bir cinayət hadisəsi baş verirsə, qanun həmin məsələni həll edir. Və hər kəs milliyətindən asılı olmayaraq, qanun qarşısında fərdi cavabdehlik daşıyır”.

Qeyd edək ki, Moskvanın Biryulyovo-Zapadnoe rayonunda bir gəncin qətlə yetirilməsindən sonra başlayan iğtişaşlara azərbaycanlı satıcının səbəb olduğu deyilir.Rusiyanın “Serebryaniy dojd” radiosunun məlumatına görə, şaurma satıcısı olan azərbaycanlı Şerbakovun sevgilisinə sataşıb. Yaranan qarşıdurma zamanı bıçaq xəsarəti alan Şerbakov aldığı xəsarətdən ölür.

İğtişaşlarda 400-ə qədər adam saxlanılıb. Toqquşmalarda 8-i polis olmaqla 23 şəxs xəsarət alıb. Artıq Moskva meri baş verən insidentlə bağlı prezident Putini məlumatlandırıb.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR