Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının (U-21) hazırlıq çərçivəsində Macarıstandan olan həmyaşıdları ilə yoldaşlıq oyunu bu ölkənin futbol federasiyasının rəsmi saytında ətraflı şərh olunub. 1:1 hesabı ilə başa çatan görüşdən sonra macarlar yığmamızdan belə oyun gözləmədiklərini bildiriblər.Federasiya saytında almaniyalı mütəxəssis Bernard Lippertin başçılıq etdiyi millimizin oyuna sərt yanaşdığı da əks olunub: Azərbaycan milli komandası oyuna çox aqressiv başladı. Bu da heyətdə ciddi dəyişikliklərin olması ilə izah olunur. Aşağı yaş qruplarından cəlb olunan yenilər özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. İlk 5-10 dəqiqədə rəqibin futbolçusunu bir neçə oyunçumuz saxlayırdı. Oyundan sonra Azərbaycanın almaniyalı baş məşqçisi yetirmələrinin sərt oyunu üçün üzr istədi.