Azərbaycandan gedən it 3 nəfərin həyatını xilas etdi - FOTO

Azərbaycandan gedən it 3 nəfərin həyatını xilas etdi - FOTO
SOSİAL
14:09 10.03.2023
142
Azərbaycandan olan axtarış-xilasetmə iti Juna 3 nəfərin dağıntılar altından sağ xilas edilməsinə kömək edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat paylaşıb.

Bildirilib ki, Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdə Azərbaycandan olan axtarış-xilasetmə iti Juna 3 nəfərin dağıntılar altından sağ xilas edilməsinə yardım edib.

Junanın məşqçisi Ehtiram Baloğlanov Anadolu Agentliyinə Juna haqqında məlumat verib:

"İnsanlar kömək istəyirdilər. 24 saat çalışmaq prinsipi ilə işə başladıq. Axtarış-xilasetmə itləri qrupların işini asanlaşdırır. Dağıntılar altındakı canlıları çıxarmaq üçün bir dəqiqə belə vacibdir. Juna 2017-ci ildə doğulub. O vaxtdan yanımdadır. Juna sayəsində Kahramanmaraşda 3 nəfər xilas edildi. Xilas edilənlərin yaxınları Junaya necə təşəkkür edəcəklərini bilmirdilər. Hər kəs Junaya "Qəhrəman Juna” adı vermişdi”.

Qeyd edək ki, zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb. Azərbaycan axtarış-xilasetmə qrupları zəlzələ günü, yəni fevralın 6-sı Bakıdan yola düşərək Türkiyəyə gedən ilk xarici heyət olub. Zəlzələ bölgələrində azərbaycanlı axtarış-xilasetmə və tibb personalından ibarət 867 nəfər xidmət edib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qruplar dağıntılar altında qalan 53 nəfəri xilas edib, Azərbaycandan aparılan 8 axtarış-xilasetmə iti də xidmət göstərib. Bu itlər sayəsində 15 nəfərin yeri müəyyən edilib, 27 nəfərin meyiti tapılıb.
 
Ayşən

 


OXŞAR XƏBƏRLƏR