Azərbaycandan xaricə aparılan atlar hansı yoxlamalardan keçir? – Rəsmi cavab

Azərbaycandan xaricə aparılan atlar hansı yoxlamalardan keçir? – Rəsmi cavab
SOSİAL
12:50 30.09.2026
122

Son dövrlər Azərbaycandan xarici ölkələrə çoxlu sayda at aparılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. 

Görüntülərdə atların Azərbaycandan Qazaxıstana daşındığı iddia olunur. Paylaşımlar ölkədən at ixracının həcmi, eləcə də ixrac olunan heyvanların hansı məqsədlə istifadə edilməsi ilə bağlı suallar yaradıb. 

Dövlət Statistika Komitəsindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 1 553 baş diri at ixrac olunub. İxrac edilən atların ümumi dəyəri isə 324,83 min ABŞ dolları təşkil edib. 

Bu göstəricilər ölkədən at ixracının son aylarda diqqətçəkən həcmdə olduğunu göstərir. 

Digər tərəfdən, atların ölkədən çıxarılması zamanı onların sağlamlıq vəziyyətinin necə yoxlanıldığı və hansı baytarlıq tələblərinə əməl edildiyi də maraq doğurur. 

AZXEBER.COM məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb. 

Agentlikdən bildirilib ki, Azərbaycandan digər ölkələrə, o cümlədən Qazaxıstana atların ixracı idxalçı ölkənin müəyyən etdiyi baytarlıq və sağlamlıq tələbləri əsasında həyata keçirilir: 

"Bildiririk ki, Azərbaycandan digər ölkələrə, o cümlədən Qazaxıstana atların ixracı idxalçı ölkənin müəyyən etdiyi baytarlıq və sağlamlıq tələbləri əsasında həyata keçirilir. 

İxrac olunan atlar idxalçı ölkənin tələblərinə uyğun olaraq müvafiq müayinələrə cəlb edilir, həmçinin digər zəruri baytarlıq nəzarəti tədbirlərindən keçirilir. İxrac üçün tələb olunan sənədlər də idxalçı ölkənin müəyyən etdiyi tələblərə uyğun olaraq rəsmiləşdirilir”. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR