AZXEBER.COM-un məlumatına görə, bu gün daha 8 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.Bu çəki dərəcələrinin 5-də kişi, 3-də qadın boksçular rinqə çıxıblar. Azərbaycan üçün uğurlu alınan gündə 6 idmançımız qüvvəsini sınayıb və onlardan 5-i yarımfinalda iştirak hüququ qazanıb. Bununla da yarımfinala çıxan boksçularımızın sayı 9-a çatıb. Onlar bu hüquqa yiyələnməklə, ən azı bürünc medalı təmin ediblər. Sabah isə daha 2 idmançımız 1/4 final döyüşünü keçirəcək.91 kq. çəkidə mübarizə aparan Abdulqadir Abdullayev yarımfinala vəsiqə qazanmaq üçün fransız Pol Bionqolo Ombanı mübarizədən kənarlaşdırıb. Hər 3 raundda (30:27; 30:27; 30:27) rəqibindən üstün olan təmsilçimiz mərhələ adlamaqla, ən azı bürünc medalı da özünə təmin edib.Abdullayev yarımfinalda Sadam Maqomedovla (Rusiya) gücünü yoxlayacaq. Final uğrunda görüş iyunun 26-da 14:30-da keçiriləcək.