Bu gündən Azərbaycanın BMT Təhlükəsizlik Şurasında ikinci sədrliyi başlayır.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyi Avstraliyadan təhvil alır.Rəsmi Bakı bəyan edib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyinin prioriteti dünyada ədalətin qorunması olacaq, ölkə qurumda sədrliyi müddətində qarşısına qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirmək üçün hər cür səy göstərəcək.Bundan başqa, BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycan yüksək səviyyədə görüş təşkil etmək niyyətindədir.Azərbaycan 2011-ci il oktyabrında BMT Baş Assambleyasında keçirilən səsvermədə əsas rəqibi olan Sloveniyanı 40 səs fərqi ilə geridə qoyaraq 155 səslə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.Bu quruma üzv seçilmək üçün Baş Assambleyada təmsil olunan 193 ölkənin üçdə ikisinin səsini qazanmaq lazımdır. Səsvermə keçirildikdən sonra iclasın sədri Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçildiyini bildirib.Beləliklə də Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.BMT TŞ-da “Böyük beşlik”dən – ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa - fərqli olaraq qeyri-daimi üzvlər veto hüququna malik deyillər.Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzv ölkədən ibarətdir.Digər 10 müvəqqəti üzv isə ikiillik müddətə seçilir. Azərbaycanın TŞ-da birinci sədrliyi 2012-ci ilin may ayı ərzində olub.