Azərbaycanın dünyada tanıdılmasında Məmməd Əmin Rəsulzadənin rolu əvəzsizdir

Azərbaycanın dünyada tanıdılmasında Məmməd Əmin Rəsulzadənin rolu əvəzsizdir
Bütün Xəbərlər
17:08 16.10.2012
1278
Azərbaycanın təbliği, onun xarici ölkələrdə tanınması istiqamətində misilsiz xidmətlər göstərən dahi şəxsiyyətlərdən biri də Məmməd Əmin Rəsulzadə olub. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri kimi tanınan Məmməd Əmin Rəsulzadə 1884-cü il, yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məmməd Əmin Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan Məmməd Əmin Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məmməd Əmin Rəsulzadə olmuşlar. 1908-ci ilin axırında Məmməd Əmin Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. Məmməd Əmin Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar Məmməd Əmin Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, həmçinin "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane Nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti olur. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat Partiyanın orqanı kimi fəaliyyətini bərpa edir. Həmin qəzetlərdə Məmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") Pariyası təşkil edildi. Bununla əlaqədar Məmməd Əmin Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur. Məmməd Əmin Rəsulzadənin həyatının müəyyən bir hissəsi də məhz Türkiyədə keçib. Belə ki, XX əsrin əvvəllərində Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan Məmməd Əmin Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb edir. Məmməd Əmin Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstambula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. Məmməd Əmin Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur. Qardaş ölkədə olarkən Məmməd Əmin Rəsulzadənin xüsusi xidmətlərindən biri də bu ölkədə “Odlu Yurd” dərgisini nəşr etdirməsi olur. İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik Müsavat partiyasına" daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Məmməd Əmin Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verir. Həmin ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırılır. Qurultay Məmməd Əmin Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxarır. Qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atılır. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açılır. Məmməd Əmin Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış edir və qurultay səs çoxluğu ilə Məmməd Əmin Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul edir. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik Müsavat partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başlayır. Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olunur. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlanır. Həmin dövr tarixinə Milli Azərbaycan Hərəkatı kimi daxil olur. 1917-ci ilin payızında isə M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranır. Səs çoxluğu ilə Məmməd Əmin Rəsulzadə Milli Şüranın sədri seçilir. Məmməd Əmin Rəsulzadənin həyatının müəyyən bir hissəsi də mühacirətdə keçib. 1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir. 1923-ci ildə İstanbulda Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır. 1930-cu ildə Məmməd Əmin Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olunur. 1931-ci ildən Məmməd Əmin Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" qəzeti və "Qurtuluş" jurnalı çap edilir. 1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. Məmməd Əmin Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitabları işıq üzü görür. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləyir, sonralar 1940-cı ildən Rumıniyada yaşayır. Rəsulzadənin 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilir. 1947-ci ildən Ankaraya köçən Məmməd Əmin Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görür. Məmməd Əmin Rəsulzadə 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirir.
OXŞAR XƏBƏRLƏR