"Azərbaycanın ərəb dövlətləri ilə münasibətləri yüksələn xətlə inkişaf edir"

"Azərbaycanın ərəb dövlətləri ilə münasibətləri yüksələn xətlə inkişaf edir"
SİYASƏT
17:40 17.01.2023
726
Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir.

Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

Azərbaycanın yaxşı münasibətlərə malik olduğu ərəb dövlətlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyimizin ilk dövrünə təsadüf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ilin 26 dekabr tarixində respublikamızın müstəqilliyini tanımışdır. 

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 1 sentyabr tarixində qurulmuşdur. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.

Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Bu komissiyanın indiyədək 8 iclası keçirilib. Sonuncu iclas 2021-ci ilin noyabrında Dubay şəhərində baş tutub. Səkkizinci iclasın sonunda imzalanan yekun protokolda ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, yaşıl enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Möhtərəm Prezident cənab  İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev tədbirdə çıxış edərək qeyd edib: "Mən çox böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik etmək istəyirəm. Cənab Prezident, Sizin rəhbərliyinizlə Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrilib. Biz - Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik".

2021-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafına dair 5 milli prioriteti əsas götürüb: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi.
Azərbaycan Respublikasının dayanıqlı inkişaf sahəsində yüksək nəticələri BMT-nin illik Dayanıqlı İnkişaf Hesabatlarında mütəmadi olaraq öz əksini tapır. Ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğu zamandan bəri Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində görülmüş işlərlə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat (KMH) təqdim etmiş dünyada ilk 10 ölkədən biri, regionda isə ilk ölkədir.

Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcək.

Naftalan şəhər sakini Eltəkin Quliyev

OXŞAR XƏBƏRLƏR