Səbael rayonu İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında “soyuq küləklər” əsir. İki icra başçısının hətta bir-biri ilə küsülü olduğu bildirilir.
Buna Z.Fərəcovun Sumqayıta rəhbər təyin edildikdən sonrakı bəzi açıqlamaları olub. Daha doğrusu, Fərəcov “gənclik şəhəri”nə təyinat aldıqdan dərhal sonra Sumqayıt şəhər İcra Hakimiyyətində burada fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə ilk görüşünü keçirib və görüşdəki çıxışında tamamilə tənqidi fikirlər səsləndirib.
Həmin vaxt bildirilirdi ki, Zakir Fərəcov yerli Təhsil Şöbəsinin o vaxtki müdir əvəzi Vaqif Ələkbərovu qanunsuz əməllərinə görə birbaşa iclas zalından qovub. O, Sumqayıt şəhər Arxitektura və Memarlıq İdarəsinin rəis müavini Kamil Məmmədovu yol verdiyi qanun pozuntularına görə sərt tənqid edib, Sumqayıtda əhalinin narazılığına səbəb olan çoxsaylı məsələləri sadalayıb və ötən illər ərzində bu problemlərin həlli istiqamətində lazımi addımların atılmamasından gileylənib.
Eldar Əzizov
Fərəcov çıxışında faktiki olaraq, özündən əvvəlki icra başçısı Eldar Əzizovun şəhərə rəhbərlik dövrünü mənfi qiymətləndirib, onun təyin etdiyi kadrları yarıtmaz işləməkdə günahlandırıb və hamısının qanunsuz əməllərinə görə cavab verməli olacağını bildirib.
Qaynar.info-nun əldə etdiyi məlumatda həmçinin bildirilir ki, Sumqayıtın yeni icra başçısının bu çıxışından xəbər tutan Eldar Əzizov narazılığnı ifadə etmək üçün Zakir Fərəcovla danışmaq istəyib. Amma sonuncu “gənclik şəhəri”ndən Səbaelə transfer edilən sələfinin telefon zənglərinə cavab verməyib. Bundan sonra Əzizov müxtəlif kanallarla Fərəcova ismarış göndərərək, onun fəaliyyət dövrünü bu qədər mənfi fonda təqdimatından gileylənib. Fərəcov isə cavab mesajında Əzizovla heç bir haqq-hesabının olmadığını, sadəcə, şəhərdəki real vəziyyəti dilə gətirdiyini və bunun səbəbkarlarına qarşı güzəştsiz davranacağını dilə gətirib.
Hazırda iki icra başçısının bir-biri ilə danışmadığı deyilir. İddiaya görə, Eldar Əzizov Zakir Fərəcova qarşı həm qəzəbli, həm də ondan bərk şəkildə qırğındır.
Zakir Fərəcov
Xatırladaq ki, bu il sentyabrın 1-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub. Prezidentin digər fərmanı ilə Sumqayıtın hazırkı icra başçsı Eldar Əzizov vəzifəsindən azad edilib. (qaynar.info)