00:44 Cümə Axşamı, 12 Dekabr 2019
MÜSAHİBƏ

Azərbaycanda televiziyaya rəhbərlik edən qadın - Əzizə Dünyamalıyeva kimdir? - VİDEOMÜSAHİBƏ

15:38, 24.09.201929068
Azərbaycanda televiziyaya rəhbərlik edən qadın - Əzizə Dünyamalıyeva kimdir? - VİDEOMÜSAHİBƏ
AZXEBER.COM-un "Uğurlu qadın” rubrikasının qonağı tanınmış jurnalist, "Dalğa TV”nin rəhbəri Əzizə Dünyamalıyevadır. 
 


- Əzizə xanım, özünüzü oxucularımıza necə təqdim edərdiz?

- Özümü qısa olaraq belə təqdim edim: Dünyamalıyeva Əzizə İlyas qızı. Jurnalist. Ailəliyəm, iki övladım var. 1982-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində anadan olmuşam. 

- Layihəmizin adı "Uğurlu qadın”dır.  Özünüzü uğurlu qadın hesab edirsiz? 

- Bu ifadə iki sözdən ibarət olsa da, əslində özündə çox böyük bir mənanı, yükü və tarixi daşıyır. Mən özümü uğurlu qadın hesab etmirəm desəm əslində qazandıqlarıma haqsızlıq etmiş olaram. Və ya mən özümə uğurlu qadınam demiş olsam, artıq mən mübarizəmi dayandırmış olaram.Ona görə də bu suala cavabı belə verə bilərəm: Mən özümü uğura gedən bir xanım kimi görürəm (gülür).

- Bəs uğura gedən yolda nələrdən keçmisiniz? 

- Əslində nədənsə imtina etmək həyatın qayda-qanunlarından biridir. Uğur qazanmaq üçün nələrdən keçdiyimi bu an üçün xatırlaya bilmirəm. Ancaq yəqin ki, qlobal nələrdənsə vaz keçməmişəm və ona görə də xatırlaya bilmirəm. Əgər bu sevdiklərimlə bağlı olsa uğur qazanmaq üçün onlardan keçmərəm. Bu mənim xarakterimlə bağlı olsa, uğur qazanmaq üçün xarakterimin hansısa çalarından vaz keçmərəm. Uğur qazanmaq üçün heç  nədən imtina etməmişəm və belə düşünürəm ki, etməyəcəm də.

 

- Çox vaxt deyirlər ki, qadın uğur qazanıbsa, mütləq ona kimsə dəstək olub. Bəs sizə bu yolda kim dəstək olub? 

- (Gülür) Hesab edirəm ki, bu suala cavab müsahibin vicdanından asılıdır. Mən əlimi vicdanıma qoyaraq, dürüstcəsinə deyə bilərəm ki, qazandığım uğurların hamısına görə ilk olaraq valideynlərimə, daha sonra evdə daim mənə dəstək olan böyük bacıma, həyat yoldaşıma, övladlarıma və hamıdan, hər şeydən əvvəl bizi yaradan Allaha borcluyam. 

- Deyirlər, hər uğurlu kişinin arxasında bir qadın durur. Bəs uğurlu qadının? 

- Düşünürəm ki, hər bir uğurlu qadının arxasında ona verilən tərbiyə, təhsil,  iradəsi və onun formalaşmış xarakteri dayanır.

- Belə bir deyim var ki, bir qadın üçün ən önəmli vəzifə analıqdır. Bu fikirlə razısız? 

- Bu fikirlə tamamilə razıyam və deyə bilərəm ki, qadın üçün ən önəzli vəzifə məhz elə analıqdır.
 

 

- Uşaqlarınıza yetərincə vaxt ayıra bilirsiz? 

- Düşünürəm ki, 24 saat heç kimə çatmır. Bu istər işləyən xanım olsun, istərsə də evdar xanım olsun. Əsas olan bu 24 saatı mümkün qədər övladlarımıza yetərincə bölməkdir. Bura övladlarımızın tərbiyəsi, təhsili, əyləncəsi və ən azından səhərlər onlarla eyni masa arxasında səhər yeməyi yeyə bilmək aiddir. Mənim üçün bunlarla yanaşı ən  vacibi axşamlar övladlarım yatmazdan əvvəl onların yanaqlarına bir öpüş qondura bilməkdir. Mən və həyat yoldaşım bunu etmək üçün maksimum dərəcədə çalışıb, əlimizdən gələni edirik. Əgər bunları  edə biliriksə, demək vaxtımızı düz bölə bilib, övladlarımıza vaxt ayıra bilirik.
 

 

- Adətən qız uşaqları atalarına daha çox bağlı olurlar. Bəs siz necə?

- Bu sual ilə həyatımın sarı simlərindən birinə toxundunuz. Biz ailədə iki bacı olmuşuq, qardaşımız olmayıb. Atamın evində olarkən bacımın və mənim atama necə bağlı olduğunu hər kəs görüb. Yəqin ki, bu əks cinslərin bir-birini çəkməsinə görədir. Bu kainatın bir qayda-qanunudur ki, biz buna zidd gedə bilmərik. Bu bizim evimizdə də belə olub. Düzdür, anamız başımızın tacı, ürəyimizin, qəlbimizin sahibidir. Ancaq qız övladları ataya bağlı olur fikri ilə tam razıyam.Yəqin ki, mənim də qızım olsaydı, o da atasına bağlı olardı və mən buna qısqanclıqla yanaşmazdım. Son olaraq onu deyim ki, Dünyamalıyevlər nəslində hər kəs yaxşı  bilir ki, Əzizə atası İlyasa necə bağlıdır (gülür). 

 

- Hər zaman valideynlərinizdən razılıq edib, sizi sərbəst boyütdüklərini deyirsiniz. Bəs siz övladlarınıza valideynlərinizin sizə verdiyi sərbəstliyi verərsiniz?

- Övlad tərbiyəsi iləbağlı olan bütün məsləhətləri sevirəm. Buna səbəb isə,insanların öz həyat təcrübələrini bölüşməli olduqları haqda düşünməyimdir. Mən deyə bilmərəm ki, mənim övladlarımın tərbiyəsində olan təcrübəm idealdır. Biz bu təcrübələri zamanla artırırıq. Pisləri geridə qoyub, yaxşıları özümüzlə daşıyırıq. Mən övladlarımın tərbiyəsində onlara seçimləri ilə bağlı sərbəstlik verirəm. Mən onlara azadlığı hansısa çərçivədə verirəm. Nəzərə alsaq ki, bizim böyütdüyümüz uşaqlar oğlan uşaqlarıdır və mən hər nə qədər onları ideal formada böyütməyə cəhd etsəm də, burada yoldaşımın fikirləri daha vacibdir. Deməzdim ki, yoldaşım mənim qədər övladlarımıza sərbəstlik verir. O çox mühafizəkardı . Düşünürəm ki, ailədə mənim demokratik, yoldaşımın isə mühafizəkar olması bizim övladlarımızı düzgün  böyütməyimizə gətirib çıxaracaq. Onlar həm demokratiyanı, həm də mühafizəkarlığı biləcəklər. Ümid edirəm ki, ideal ortanı tapa biləcəyik.

- Müsahibələrinizin birində demisiniz ki, ilk övladım olandan sonra dostluq qapılarımı bağladım. Bu dostlarınızın xətrinə dəymədi?

- Düşünürəm ki, əzəldən səni tanıyan, qəbul edən və sənin bütün qərarlarına hörmətlə yanaşacaq insanlarla dostluq etmək lazımdır. Mənim barmaqla sayılacaq qədər dostum və rəfiqələrim olub. Tanış, iş yoldaşı, sinif və qrup yoldaşı başqa məqamdır.  Ancaq söhbət könül dostluğundan gedirsə, mən  Adnan Babazadə (red:oğlum) dünyaya gələndən sonra bir çox dostlarımla vidalaşmaq qərarı verəndə, həmin an yanımda olan adamlar indi də mənim yanımdadır.

- Müsahibələrinizin birində mənfi xüsusiyyətlərinizin olduğunu demisiniz. Sevmədiyiniz hansı mənfi xüsusiyyətiniz var?

- Mənfi xüsusiyyətlərimdən biri və birincisi empati hissimin güclü olmasıdır. Mən dəhşətli dərəcədə empati qururam və o hadisəni yaşamış kimi oluram. Deməzdim təsir altına düşürəm, ancaq o hissi, əhvalatı elə yaşayıram ki,  danışdığınız əhvalatdan sonra xəstələnə də bilərəm. Empati dərəcəm mənə elə gəlir ki, 100%-dən çoxdur. Bu xüsusiyyətimi heç sevmirəm.

- Belə bir deyim var ki, qadınlar hisslərinə qurban gedir.  Heç hisslərinizin qurbanı olmusunuz? 

- Mən  hər zaman addım atmazdan öncə 100 ölçüb, bir biçməyi, qərar verməzdən əvvəl dəfələrlə düşünüb son nəticəyə gəlməyi sevirəm. Təbii ki, hansısa hadisəyə görə başlanğıc qərarım hisslərimlə verilmiş ola bilər. Ancaq nəticədə məntiqimi işə salıram. Ancaq onu deyə bilərəm ki, hisslərimlə verilmiş qərarlarımın mərkəzində məntiqim dayanır.
 

 

- Qadınlar qulaqları ilə sevirlər.Bu fikirlə razısınız?

- Mən isə deyə bilərəm ki, qadın qulaqları ilə yaşayır (gülür). Mən qadınları çiçəyə bənzədirəm. Mən də canlı olduğum üçün qulağımla yaşamağım da normaldır (gülür).
- Risk edib nəyə peşman olmusunuz?

- Mən bütün addımlarımı ölçüb atıram. Sürprizləri sevmirəm, ancaq risk etməyi sevirəm. Riskli məqamlarımda addımlarımda işin içində bir məntiq və düşünülmüş qərar olur.Məhz buna görə də peşman olmuram.

- Azərbaycanda yeganə qadın televiziya rəhbərisiz. Televiziya rəhbəri olmaq necə hissdir?

- Mən 19 il əvvəl işə müxbir kimi başlamışam. İşimə necə və hansı əzmlə başlamışamsa, indi də eyni əzmlə davam edirəm. Bu suala belə cavab verim. Elə rəhbərlər var ki, əməkdaşları ilə birgə çalışır, elələri də var ki, onları çalışdırır. Mən çalışmağı sevirəm. Bu mənim xislətimdə var. Ona görə indi deyə bilmərəm ki, televiziya rəhbəri olmağın hansı çətinlikləri  və ya üstünlükləri  var. Mən kollektivi işlətməyi yox, onları dinləyib onlarla işləməyi sevirəm. Mənim baxış bucağım fərqlidir. Bəlkə elə buna görə də vəzifə mənə çətin gəlmir. Yəni, özümü rəhbər kimi yox, elə işçi kimi hiss edirəm. 
 
-  Dalğa TV Azərbaycan tamaşaçısına nə verir?

- Dalğa TV Azərbaycan tamaşaçısına kinoteatrlarda əcnəbi dildə olan ən müasir filmləri öz ana dilimizdə təqdim edir.

- Tamaşaçı kimi Dalğa TV-ni izləyirsiz?

- Əgər tamaşaçı olsaydım, deyə bilərəm ki, Dalğa TV-də mütləq şəkildə cizgi filmlərini izlərdim. Onu deyə bilərəm ki, bizim dublyaj redaksiyası çox peşəkar fəaliyyət göstərir. Daha sonra isə bədii film və serialları izləyərdim ki, bunu edirəm. Bəzən bu kanalın işçisi olduğumu belə unuduram. Bizim loqo altında təqdim olunan filimləri məmnuniyyətlə izləyirəm. 

- Demek olar ki, bir jurnalistin yüksələcəyi ən yüksək nöqtədəsiz?

- Jurnalistin çata biləcəyi nöqtə onun qarşısına qoyduğu məqsəd və ambisiyalarından asılıdır. Ona görə indi mən bu suala bəli və ya xeyr deyə cavab versəm, düzgün anlaşılmaz. Öz şəxsim adına deyə bilərəm ki, bir jurnalist kimi öz hədəfimə çatmışam. Ancaq məncə mənim görməli olduğum işlər, kainatın mənim boynuma qoyduğu işlər hələ tamamlanmayıb.

- Sosial şəbəkələrdə  həyat yoldaşınızla çox səmimi fotolar paylaşırsız. Sevgi tarixçəniz haqda danışaq...

- Məmnuniyətlə danışaram. Düşünürəm ki, sosial şəbəkədə aktiv olan insanlar öz həyat hekayələrini danışsa, bu digərlərinə motivasiya olar. Həyat yoldaşımla ailə ortamında tanış olmuşuq. İlk olaraq böyüklərimiz bir-birini tanıyıb. Uzun sürən nişanlılıq müddətindən sonra ailə həyatı qurmuşuq. Deyə bilərəm ki, biz sevgini nişanlı, evli və övladımızın dünayaya gəlməsindən sonra artırmışıq. Bu gün mənə dəstək  olub stimul verən adamlardan biri məhz elə mənim həyat yoldaşımdır.
 

 

- Həyat yoldaşınız TV-də çalışsaydı, ona qarşı necə müdir olardız?

- (Gülür)Bu suala belə cavab verim. Çünki bu müsahibəni o da izləyəcək. Mənə evdə problem yaranmasını istəmirəm. Ancaq bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, mənim də evimdə oğul övladları böyüyür və mən bu reallıqla indidən razılaşıram ki, bəli kişi başdır. Qadın boyundur və onu istədiyi tərəfə fırlada bilir. 

- Yaşınızı söyləməkdən heç vaxt çəkinmirsiniz. Sizi bu qədər cəsarətli edən nədir?

- Onu əminliklə deyə bilərəm ki, mənim qədər yaşından məmnun olub, fəxr edən ikinci müsahibiniz olmayacaq. Səbəbini isə belə açıqlaya bilərəm. Mən yaşadıqlarımı və həyatımda yaşananları, illərimi sevirəm. Bu gün fəxrlə deyirəm ki, 37 yaşım tamam olub, 38-ə doğru gedirəm. Mən şükür edirəm ki, bu yaşıma gəlib çatmışam. Mən 40-50 yaşında olanda belə yaşımla fəxr etdiyimi deyəcəm. 

Sizcə bir qadını nə xoşbəxt edir?

- Deyə bilərəm ki,  xoşbəxtlik nisbi anlayışdır. Bu ifadə nə qədər şablon səslənsə də mən bu ifadəni qəbul edirəm. Onu da bildirim ki, qadınlar yazın, payızın mehindən belə xoşbəxt olmağı bacardıqları halda, çox böyük hədiyyələrdən xoşbəxt olmamağı da bacara bilirlər.

- Deyirlər ki, televiziyada üzdə olan xanımlar ailədə xoşbəxt ola bilmir. Bu fikirlə razısınız?

- Bu məşhur ifadədir. İşdə uğur qazanan eşqdə uğur qazana bilmir və ya əksinə. Mən sahib olduğum hər bir işdə pozitiv olmağı bacaran insanam. Ola bilər ki, kənardan kimsə məni işində məğlub, sevgidə isə qalib kimi görür və ya əksinə. Onu deyə bilərəm ki, işimdə və eşqimdə qızıl  ortanı tapa bildiyim üçün tanrının bizə verdiklərini qəbul edib, həyata çəhrayi eynəklə baxmağı bacarıram.

- Səmimi müsahibəyə görə təşəkkür edirəm. 

- Mən də maraqlı suallara görə sizə təşəkkür edirəm. 
 
Günel Hüseynli

XƏBƏR LENTİ