Tolerantlıq ifadəsi özündə dini dözümlülüyü, yəni digər inanclara, əqidələrə hörmət etməni özündə cəmləşdirir. Tolerantlıq hər zaman insan azadlıqlarının, hüqüqlarının təsdiqi, demokratiya və plüralizm əsasında formalaşır. Azərbaycan Respublikasının tarixinə nəzər salsaq, görərik ki, ölkəmiz hər zaman tolerantlıq nümunələrini özündə əks etdirib. Ölkəmizdə hər zaman digər dövlətlərin nümayəndələrinin dininə, irqinə hörmətlə yanaşılıb, digər millətlərlə münasibətlərimiz ən yüksək səviyyədə hər zaman özünü göstərib. Biz dövlət və xalq olaraq bütün xalqların milli və dini tolerantlığına hörmətlə yanaşır, eləcə də öz qonaqpərvərliyimizlə öz qapımızı digər xalqların üzünə açıq tutmuşuq.
2016-cı ildə Prezidentin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsi haqqında sərəncamı da elə dövlətimizin müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu sübut edir. Sərəncamda deyilir:
"Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir”.
Azərbaycan tarix boyu dini və milli tolerantlığın, millətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğu bölgə olub, bu, hazırda da davam edir. Ayrı-ayrı din və konfessiyalar, habelə, fərqli etnik kimliklər Azərbaycanda tam mənada azad və sərbəst yaşayır.
Azərbaycan Respublikasının Konustitusiyasında da qeyd olunur ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanova AZXEBER.COM-a açıqlamasında ölkəmizdəki tolerant dəyərlərdən danışıb. B.Aslanova qeyd edib ki, Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir:

"Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır. Azərbaycan hələ qədim dövrlərdən müxtəlif xalqların və fərqli dini inanclara sahib insanların mehriban şəraitdə yaşadığı dövlət olub. Multikulturalizm siyasətinin məqsədi də elə müxtəlif dinləri və mədəniyyətləri bir dam altında birləşdirməkdən ibarətdir. Bu mənada multikulturalizm termini hələ yaranmamış və populyarlaşmamış, bu anlayışı ifadə edən ənənələr rüşeym halında da olsa, Azərbaycan tarixində mövcud olub. Bu gün isə artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib. Ölkəmiz bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir.
Azərbaycan dindarları din, məzhəb və təriqətlərindən asılı olmayaraq, qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər. Elə buna görə də insan hüquqlarını qoruyan və ona hörmət edən humanist bir siyasət kimi multikulturalizmin Azərbaycanda formalaşması elə ilk dövrdən uğurla nəticələndi. Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçərək, öz siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini keyfiyyətcə yeni müstəviyə, siyasət müstəvisinə keçirdi. Ulu Öndərin siyasətinin məntiqi davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində bu sahədə qısa müddət ərzində bir çox işlər görüldü”.
Ölkəmizdəki multikultural dəyərlərdən də danışan Billurə Aslanova həmçinin qeyd edib ki, Azərbaycan multikulturalizminin dünyada tanıdılmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) də rolu danılmazdır:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ilin may ayında yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi Azərbaycanın multikulturalizm modelini xarici ölkələrdə təbliğ etmək, eləcə də xarici ölkələrin birgə yaşayış modelini tədqiq edərək, müqayisələr aparmaq və daha mükəmməl cəmiyyət forması ortaya qoymaqdan ibarətdir. Multikulturalizm Mərkəzi həm ölkə daxilində, həm də onun xaricində baş tutan forumlar, konfranslar, dəyirmi masalar, eləcə də regionlarda gerçəkləşən müxtəlif görüşlər və toplantılarla sadə vətəndaşdan beynəlxalq təşkilat rəhbərinə qədər hər kəsə Azərbaycan multikulturalizm siyasətinin mahiyyətini və önəmini çatdırmağa çalışır.
Bu gün BBMM Azərbaycan multikulturalizm modelini akademik dairələrdə də təbliğ edir. Dünyanın 20-dən artıq nüfuzlu universitetində, eləcə də yerli ali məktəblərdə "Azərbaycan multikulturalizmi” fənninin tədrisi, bu prosesin məntiqi davamı olan və ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi; Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmalarını diqqət mərkəzində saxlayan "Qafqaz Albaniyasını öyrənirik” layihəsi; təkcə Azərbaycanın ictimai-siyasi, elmi həyatında deyil, zorakılığa və terrora qarşı çıxış edən digər ölkələrdə də əhəmiyyətli hadisəyə çevrilmiş "Terror multikulturalizmə qarşı” layihəsi, habelə xarici ölkə gənclərinin təşkil etdiyi "Azərbaycanın gənc dostları” klubunun fəaliyyəti buna nümunə göstərilə bilər. Bu gün həm də dünyanın 10 ölkəsində fəaliyyət göstərən filialları arasında koordinasiyanın təşkil olunması və onların birlikdə silsilə şəkildə Azərbaycanda baş verən hadisələrə reaksiya göstərməsi, Azərbaycan multikulturalizmini öz dairələrində təbliğ etməsi işində də BBMM mühüm rol oynayır. Bununla yanaşı, ingilis dilində nəşr edilən "Beynəlxalq multikulturalizm” elmi araşdırmalar jurnalı, Azərbaycan Televiziyası ilə birgə layihə kimi yayımlanan "Multikulturalizm” verilişi, eləcə də, müxtəlif dillərdə hazırlanan elmi və publisisik nəşrlər də Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Azərbaycan daim rəngarəng mədəniyyətləri özündə birləşdirən cəmiyyət olub. Ölkəmizdə milli və dini birliyin gücü 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, "Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.
Multikuluralizmin, tolerantlığın mərkəzi olan Azərbaycanda bu nümunələr hazırkı dönəmdə də özünü yüksək səviyyədə göstərir. Son vaxtlar dünyada baş verən siyasi proseslərin, müharibənin, regiondakı gərginliyin olmasına baxmayaraq ölkəmiz bu tolerantlığı yenə də qoruyur və hər zaman sülhün tərəftarı olaraq çıxış edir. Artıq bir həftədən çoxdur ki, bizə qonşu olan Rusiya və xalq və dövlətimizin dost olduğu Ukrayna ilə aralarındakı müharibə davam edir. Bu müharibədə kimin haqlı, kimin haqsız olmasına baxmayaraq nəticədə yenə də dinc sakinlərin, uşaqların ölümünə səbəb olur. Azərbaycanın Rusiya ilə "Moskva bəyannaməsi”nin imzalaması və Ukrayna ilə münasibətləri, rəsmi görüşlər göstərir ki, ölkəmiz hər iki dövlətlə dostluq əlaqələrinə malikdir. Təbii ki, Azərbaycanın mövqeyi dünyada, Avropada, regionda hər zaman sülhün və tolerantlığın qorunması, millətlərarası münasibətlərin inkişaf etdirilməsidir.
Hazırda davam edən bu müharibədə isə Azərbaycan xalqı müharibədən, Ukraynanda dinc sakinlərin həlak olmasından narahatdır və Ukraynaya öz dəstəyini nümayiş etdirir.
Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, bu Ukraynada mülki insanların ölməsi qəbuledilən deyil:

"Hər iki tərəf özünün haqlı olduğu ilə bağlı kifayət qədər arqumentlər ortaya qoyub. Lakin görünən odur ki, hazırda Ukrayna Rusiyanın hücumuna məruz qalıb. Ukrayna ərazisində müharibə gedir. Təkcə Rusiyanın təhlükəsizlik kəməri kimi Luqansk və Donetskin müstəqilliyinin tanınması və onların təhlükəsizliyinin təmin olunması deyil, Kiyevə qədər hücum əməliyyatları gedir. Rusiya nüvə silahı istisna olmaqla bütün arsenalındakı imkanlardan istifadə edir. Ukraynada, hətta mülki insanların yaşadığı ərazilər də bombardman edilir. Bu, əlbəttə, qəbul edilən deyil. Heç cür buna haqq qazandırmaq mümkün deyil. İstənilən arqument bu təcavüzün qarşısında acizdir”.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır:
"Ukrayna da bu gün müstəqil dövlət kimi öz varlığını qoruyub saxlamaq üçün mübarizə aparır. Onun apardığı müharibə müdafiə müharibəsidir. Öz ərazisini, suverenliyini, dövlət müstəqilliyini qoruyub saxlamaq üçün xalqın aparmış olduğu ədalətli müharibədir. Təbii ki, Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır. Ona humanitar yardım və aksiyanın keçirilməsində fəal iştirak edir. Eyni zamanda dövlətimiz də bununla bağlı özünün ənənəvi humanist siyasətinə sadiq qalaraq Ukraynaya humanitar yardım etmək üçün addımlar atıb”.
Bütün bunlar ölkəmizdə dini və milli tolerantlığın hər zaman yüksək olmasının göstəricisidir. Dövlətimiz keçmişdə və indi olduğu kimi, gələcəkdə də bu məsələlərə həssaslıqla yanaşacaq və eyni zamanda millətlərarası münasibətlərin inkişafını təmin edəcək.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
