Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış Türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.
Dünyada siyasi və iqtisadi maraqlar fonunda yaradılan bir sıra regional təsisatlar sadalamaq mümkündür. Türk dövlətlərini Türk Dövlətləri Təşkilatında bir araya gəlməsini əngəlləyə biləcək hər hansı bir siyasi amil mövcud deyil. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Bu gün Türk dövlətlərinin birliyini möhkəm və uzunömürlü edən amillər çoxdur. Burada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması və bu kimi digər fundamental səbəbləri sadalamaq mümkündür. Türk dövlətləri tarixən formalaşan möhkəm zəminə əsaslanmaqla müasir çağırışlar qarşısında öz güclərini birləşdirmək, gələcəyə doğru birlikdə addımlamaq niyyəti sərgiləyirlər.
Azərbaycanın Türk birliyinin möhkəmlənməsində artan rolu xüsusi diqqət çəkir. İndiyədək respublikamız Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Son iki il ərzində Möhtərəm Prezident cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.
Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) "Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Yubiley Zirvə görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsidir. Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir.
Möhtərəm Prezident cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatındakı çıxışlarında verdiyi mesajlar və səsləndirdiyi bəyanatlar hər zaman ciddi əhəmiyyət kəsb etmişdir. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi və inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Cənab Prezident İlham Əliyev çıxışında 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşünə toxundu və ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıqdan, görülən işlərdən söhbət açaraq bunun Türk Dövlətləri Təşkilatının inkişafına təkan verdiyini qeyd etdi. Şübhəsiz ki, bu inkişafın göstərici kimi bu gün TDT-nın qlobal arenada böyük nüfuza malik olduğunu vurğulayan ölkəmizin başçısı həmçinin, Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyi dəstəyə görə liderlərə təşəkkür etdi. Azərbaycan Prezidenti Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşası davam edən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirərək deyib: "Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”.
Dövlətimizin başçısı Azərbaycan-Ermənistan münasibətlərindən, eləcə də sülh prosesindən danışaraq 2022-ci ildə qarşı tərəfin ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, davranışları ilə əməllərinin tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırdı. Məğlub ordunun qalıqları ölkəmizin suveren ərazilərində qalmaqda idi. Bu, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdən, təhdiddən başqa bir şey deylidi və bu belə davam edə bilməzdi. Azərbaycan haqlı olaraq qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Prezident İlham Əliyev mülki insanlara və mülki infrastruktura heç bir zərər vurmadan 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycanın özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyini vurğuladı.
Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü təşkilatın tarixində xüsusi hadisə kimi yadda qalmaqla yanaşı, Azərbaycan Prezidentinin də diplomatik liderliyinin daha bir təsdiqi oldu. Prezident İlham Əliyevin Astana sammitindəki çıxışı faktiki olaraq dünyanın mövcud geopolitik durumu ilə bağlı bütün dairələrə verilən dərs oldu.
Naftalan şəhər sakini Rövlan Heydərov