'Azərbaycanın xarici siyasəti çevik çoxvektorlu kursun həyata keçirilməsini özündə ehtiva edir'

14:51 11.03.2013
1478

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu bu gün dəyişən dünyanın reallıqlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu barədə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri barədə danışan politoloq Elman Nəsirli deyib.O bildirib ki, həmin kurs Azərbaycanın balanslı, çevik çoxvektorlu xarici siyasət kursunun həyata keçirilməsini özündə ehtiva edir:“Bu mənada Azərbaycan həm region, həm qonşu dövlətlər, eyni zamanda Avropa ölkələri və ABŞ-la münasibətlərin inkişafında olduqca maraqlıdır. Azərbaycan xarici siyasəti balanslı olduğu üçün əsas güc mərkəzləri, region dövlətləri və müsəlman ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq ruhuna söykənən bir siyasət həyata keçirir”.Politoloqun sözlərinə görə, Azərbaycan şimal qonşusu olan Rusiya ilə xüsusən iqtisadi və humanitar sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır, eyni zamanda fövqəldövlət olan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərini həyata keçirir:“Ölkəmiz Gürcüstan, İran ilə münasibətlərin normal səviyyədə və strateji istiqamətdə inkişafında maraqlı tərəf kimi çıxış edir. Təbii ki, Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən birini Türkiyə təşkil edir. Xarici siyasətinin əsas istiqamətlərini və onun reallaşdırılması mexanizmlərini ölkə prezidenti müəyyən edir. Dövlət başçısı hələ ötən il sentyabrın 21-də Azərbaycanın xarici ölkələrdəki diplomatik korpus rəhbərləri ilə 4-cü müşavirəsində xarici siyasətin qarşısında dayanan məsələlərin bir daha şərhini verdi. Qeyd etdi ki, Azərbaycanın beynəlxalq mövqeləri getdikcə möhkəmlənməkdədir, bunun ən bariz göstəricilərindən biri ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsidir”.E.Nəsirli deyib ki, bu gün Azərbaycanın xarici siyasətinin qarşısında dayanan və həllini tapmayan yeganə və ən ağır problem Dağlıq Qarabağ münaqişəsidir.“Bu, tək xarici siyasətin deyil, bütövlükdə həllini tapmayan ən ağır və ağrılı problemdir. Xarici siyasətin qarşısında dayanan ən mühüm məsələlərdən biri də Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması məsələsidir.Bu istiqamətdə hər kəs əlindən gələni etməlidir. Son illər aparılan fəal iş sayəsində ABŞ-ın 8 ştatı, Pakistan, Meksika, Kolumbiya dövlətləri Xocalı soyqırımını tanıyıb, Rumıniya, Çexiya, Bosniya və Herseqovina parlamentləri qətnamələr qəbul edib. Bütün bunlar ölkəmizin artan gücünün, potensialının nəticəsidir”.Politoloq Azərbaycanın Avratlantik məkana inteqrasiya siyasətini prioritet istiqamətlərdən biri kimi seçdiyini deyib. O xatırladıb ki, Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında bu, mühüm istiqamətlərdən biri kimi qeyd edilib:“Konsepsiyada Azərbaycanın NATO-ya daxil olmaq niyyəti əksini tapmayıb, sadəcə olaraq Avratlantik məkana maksimum inteqrasiya qeyd edilib. Azərbaycan bu gün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir.Hesab edirəm ki, müxtəlif istiqamətlərdə aparılan xarici siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirib”.Politoloq ölkəmizin 2015-ci ildə ilk Avropa Yay Oyunlarına ev sahibliyi edəcəyini və bunun son dərəcə böyük əhəmiyyətini vurğulayıb:“Bunun siyasi əhəmiyyəti ondadır ki, bu hadisə Azərbaycanın Avropa, dünya üçün yeni təqdimatı olacaq. Ölkəmizin üzləşdiyi işğalçılıq siyasəti, onun ağır nəticələri ilə bağlı dünyanın tanış olması üçün daha unikal imkanlar açacaq. Digər tərəfdən, dünyadakı erməni lobbisi və diasporu 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır. Hesab edirəm ki, Azərbaycan bu ev sahibliyi ilə əslində ermənilərin xeyli müddətdir ciddi-cəhdlə hazırlaşdıqları kampaniyaya güclü zərbə endirəcək. Çünki avropalı üçün yayda olimpiya oyunlarını izləmək daha əhəmiyyətli və səmərəlidir, nəinki olmayan bir hadisədən şou yaradıb, guya “soyqırımı” olması barədə onların təbliğatına qulaq asmaq. Hesab edirəm ki, bu hadisənin böyük siyasi əhəmiyyəti var və birinci Yay Olimpiya Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi prezidentin uğurlu siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər”.

OXŞAR XƏBƏRLƏR