Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər
SOSİAL
23:36 25.06.2026
121
Azərbaycan Türkiyə ilə sadələşdirilmiş gömrük dəhlizinin həyata keçirilməsi üçün birgə iş aparır.

AZXEBER.COM xəbər verir ki, bunu "Report” İnformasiya Agentliyi və "İctimai TV”yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Türk dövlətləri ilə gömrük sahəsindəki əlaqələri möhkəmlənir və bu proses getdikcə daha da güclənir: "Türk dövlətləri arasındakı münasibətlər ölkələrarası ticarət dövriyyəsinin artmasına təkan verir, xüsusilə bu dövlətlərin Orta Dəhliz boyunca yerləşməsi buna əsas səbəb kimi çıxış edir. Burada bizə düşən məsuliyyət məhz fəal iş aparmaqdan ibarətdir. Sadələşdirilmiş gömrük dəhlizinin həyata keçirilməsi üçün tədqiqatlarımız və müvafiq çalışmalarımız mövcuddur. Türkiyə Respublikası ilə bu sahədə birgə iş aparırıq. Özbəkistan, Qazaxıstan və Qırğızıstanla ilkin məlumat mübadiləsi istiqamətində fəaliyyət göstəririk. Əsas hədəfimiz burada "Vahid pəncərə” sisteminin işlənib hazırlanması və onun tətbiqinin təmin olunmasıdır. Bu kontekstdə bir məqamı nəzərinizə çatdırmaq istərdim”.

Ş.Bağırov əlavə edib ki, DGK Ümumdünya Gömrük Təşkilatı çərçivəsində olduqca fəal mövqe nümayiş etdirir: "Biz ÜGT-nin Siyasi Komissiyasının üzvüyük. Orada bilavasitə gömrüklə əlaqəli olan siyasi idarəetmə məsələləri üzrə də öz mövqeyimizi ortaya qoyuruq. Burada vurğulamaq istəyirəm ki, ölkəmizin nüfuzu və inkişafı nəzərə alınaraq, məhz dövlətimizin tövsiyələri əsasında Gömrük Əməkdaşlıq Fondu yaradılıb və bu imkanlar hesabına gələcəkdə ölkələrdə "Vahid pəncərə” sisteminin formalaşması üçün məlumat mübadiləsinin aparılması, məlumatların keyfiyyətinin yüksəldilməsi, əvvəlcədən məlumatların əldə olunması və nəhayət, "Vahid pəncərə” sisteminin tətbiqi nəzərdə tutulur.

Təbii ki, bu prosesin nə vaxt tam başa çatacağını hazırda dəqiq söyləmək mümkün deyil. Çünki burada həm texniki, həm hüquqi, həm də digər prosedur məsələlərinin həll edilməsi tələb olunur. Biz bunu plan şəklində müəyyənləşdirmişik və özümüzə hədəf qoymuşuq. Türk dövlətlərinin digər üzvləri də bu məsələyə böyük maraq göstərirlər. Biz çalışacağıq ki, bu məsələni həll edək və "Vahid pəncərə” sistemi vasitəsilə Orta Dəhliz və Türk dövlətləri arasında unikal, dünyaya nümunə ola biləcək bir sistem formalaşdıraq. Azərbaycan bu prosesdə çox fəaldır, ən çox təşəbbüslər məhz bizim tərəfimizdən irəli sürülür və biz əminik ki, bu işi uğurla başa çatdıra biləcəyik”.
OXŞAR XƏBƏRLƏR