Azərbaycanlı aktrisa: ''Əsl anam deyir ki, ...'' - FOTOLAR

MƏDƏNİYYƏT
08:18 19.11.2012
2949
Aktrisa Təhminə Məmmədovanın müsahibəsi.- Təhminə xanım, bildiyimə görə hazırda bir serialda çəkilirsiniz..- Bəli, “Ağabəyovlar” serialında çəkilirəm, amma hələ ki, 20 seriya çəkilib, dayanıb. Bu serialın çəkilişləri avqust ayından başlayıb. Serialdakı rolum mənfi obrazdır, işlərin yaxşı getdiyi halda gəlib hər bir şeyi bir-birinə qatır.- Teatrda vəziyyət necədir?- Teatrda da vəziyyət çox yaxşıdır.- Hazırda hansı yeni tamaşanın məşqində iştirak edirsiniz?- Yeni tamaşanı artıq təhvil vermişik, mən istəyirəm ki, bir az tamaşalara fasilə verim. Çünki mən bir neçə seriala da dəvət almışam.- Teatra həvəslə gəlirsiniz, yoxsa artıq həvəsiniz azalıb?- Yox, teatra çox böyük həvəslə gəlirəm. Səhər tezdən qızımı məktəbə qoyub, teatra gedirəm. Başqa gedəsi yerim də yoxdur. Qrim otaqımı çox sevirəm (gülür).- Uşaq tamaşalarında iştirak etmək sizin üçün çətin deyil ki?- Əslində, mən uşaq tamaşalarını sevirəm, nağıl tamaşaları üçün ürəyim gedir. Mən universitetə rejissor olmaq məqsədi ilə gəlmişdim, uşaq filmləri çəkmək istəyirdim. Sonra elə oldu ki, Cənnət Səlimova məsləhət gördü ki, sənədlərimi aktyorluğa verim. 5 il universitetdə oxuduğum müddətdə Kamera Teatrında çalışmışam. Gənc Tamaşaçılar Teatrına isə təyinatla gəlmişəm.- Keçən dəfə “Ana qaz” tamaşasının məşqini izlədim. Çox yorulmuşdunuz deyəsən...- Yox, yorulmaqdan söhbət getmir.- Hətta Nicat Kazımova etiraf etdiniz ki, qocalmışam...- Elə tamaşalar var ki, mən o tamaşaları, həqiqətən də, sevirəm. “Ana qaz” tamaşası da belə tamaşalardandır. Sadəcə olaraq, artıq o tamaşanı oynamaqdan doymuşam. 10 ildən yuxarıdır o tamaşanı oynayıram. Qızım anadan olanda o tamaşanı oynamaqa başlamışam, indi artıq 10 yaşı var. Var elə tamaşalar ki, 10 ildir oynayıram, yenə də oynamaq istəyirəm. “Ələddinin sehrli çırağı” tamaşasındakı rolumu hələ bir 10 il də oynamaq istərdim. Amma inanmıram ki, 10 ilə 16 yaşında görünəcəyəm (gülür). Hələ ki, səhnədə mənə 16 yaş verirlər, oynayıram. Amma bir az keçdi artıq 16 yaş olmayacaq...- Qocalmaqdan qorxursunuz?- Yox, niyə qorxmalıyam ki? Maşallah, o qədər əməliyyatlar var ki. Bədən quruluşum da formasındadır. Mən bilirəm ki, 60 yaşında da belə olacağam. Allaha şükürlər olsun ki, hələ ki, üzümdə əməliyyat keçirməmişəm. Bəziləri deyir ki, getdi orasını liftinq elədi, filan yerini botoks etdirdi. Amma mən tərəfdarıyam. Aktrisadır, müğənnidir - onlar gözəl görünməlidirlər. Çünki səhnəyə onlar çıxırlar.- Geyinib, keçinməyə həvəslisiniz?- İndi həvəsim yoxdur. Həvəsim indi yalnız oturub poker oynamağa, kriminal seriallara baxmağadır (gülür).- İdmanla da, deyəsən, məşğul olmusunuz...- Mən taekvondo, atçılıq, üzgüçülük kimi idman növləri ilə məşğul olmuşam. Bundan əlavə motosikl sürməyi də sevirəm. Ailə həyatı qurandan sonra yoldaşım motosikl sürməyə icazə vermədi. Təhlükəli olduğuna görə qorxurdu ki, başıma iş gələr.- Həyat yoldaşınızla birlikdə yaşayırsınız, yoxsa ayrılmısınız?- Artıq 3 ildir ki, biz ayrılmışıq. Biz bir-birimizi sevib evlənmişdik. 10 il bir yerdə yaşamışıq, bir dəfə də olsun söz-söhbətimiz olmayıb. Həyatdı da. Hər insanın başına gələ bilər. Mən təzə-təzə barışmırdım ki, belə ola bilər. Amma gördüm ki, həyatda hər şey ola bilər. İndi yalnız qızım üçün, onun gələcəyi üçün yaşayıram.- Heç sizə deyiblərmi ki, hind qızlarına oxşayırsınız?- Hə, məni hindistanlılara, yəhudilərə oxşadırlar. Mən Bakının Əmircan kəndindənəm, bakılı olmağımla da fəxr edirəm.- Səhnədə küsülü olduğunuz tərəf müqabili ilə eyni tamaşada oynamısınız? Reaksiyanız necə olub?- Hə, o qədər olub ki. Biz düzü teatrda dava etmirik (gülür). Hamımız biri-birimizin xeyirinə, şərinə yarayırıq. Direktorumuz da, dostlarım da sağ olsunlar. Mənim qızımın yaşını teatr keçirtdi. Hal-hazırda mənim ailəm onlardır.- “Qızlar” serialında 4 qız idiniz... İndi necə, həmin aktrisalar ilə münasibətiniz var?- Hərənin öz işi olduğuna görə çox gec-gec görüşürük. Zəngləşirik, amma hələ ki, bir yerə yığışa bilmirik. Biz o serial çəkiləndə bir-birimizə çox öyrəşmişdik. İlk başlanılan serial olduğuna görə bir az qeyri-professionallıq var idi. İş rejimi düzgün qurulmadığına görə biz bir az çətinlik çəkirdik. Amma başlanğıc üçün normal idi. Ən çox sevə-sevə çəkildiyim film “Ci-Mi” olub. Mən Rafael, Coşğun ilə universitetdə bir ildə oxumuşam. Universitetdən elə insanlar var ki, bu gün də onlarla münasibətim var. Nicat Kazımov mənim qrup yoldaşım olub, biz indi də çox yaxın ailə dostuyuq. Mənim qızım elə bilir ki, Nicat onun dayısıdır. Nicatın da uşaqları elə bilirlər ki, mən onların doğma bibiləriyəm.- Simanıza baxanda illərin yorğunluğunu sanki hiss edirəm sizdə... Bir az da küskünlük... nədəndir bu?- Yeni həyat yaşamaq istəyirəm... İstəyirəm ki, yeni həyatda qızım və mən olum. Yenidən başlamaq istəyirəm. Mənə bir daha fürsət verilsəydi, aktrisa olmazdım... İstədim ki, həyatım maraqlı olsun, ona görə aktrisa olmağa qərar verdim...- Təhminə xanım, sonda istərdim bu məsələyə aydınlıq gətirəsiniz... İnternet saytlarında əməkdar artist Kübra Dadaşova sizin ananız kimi qeyd olunur. Bu sizin o insana olan doğma münasibətinizdən irəli gəlir, yoxsa necə?- Kübra Dadaşova məni öz qızı kimi böyüdüb tərbiyə edib. Mən onun qızıyam. Onun hal-hazırda uşağı mənəm. Əsl anam da deyir ki, sən onun qızısan (gülür).P.S.Müsahibəmiz yağışlı bir gündə maşında baş tutdu. Düzü, Təhminə xanımla görüşmədiyim günə qədər bu xanımın səmimiliyinə inanmırdım.. Çox yanıldığım sübuta yetdi... Maraqlısı isə o idi ki, qızı Xanna da hərdən bizə qoşulur, replika atırdı.
//milli.az

OXŞAR XƏBƏRLƏR