Azərbaycanlı gənc dünyanın 3 nüfuzlu universitetinə qəbul olunsa da, bu problemlə üzləşib - VİDEO

SOSİAL
14:40 03.04.2023
18778
Əli İbrahim adlı azərbaycanlı gənc dünyanın 3 reytinqli universiteti - Boston Universiteti, Colorado Boulder Universiteti və Denver Universitetinə qəbul alsa da, maddi cəhətdən sıxıntılar yaşayır. Bunun əsas səbəbi tələbənin daxil olduğu media fakültəsinin xaricdə təhsil üzrə dövlət proqramlarında prioritet olmamasıdır. Bu səbəbdən də o təhsilini davam etdirə bilməmə təhlükəsi ilə üz-üzədir.

Tələbə AZXEBER.COM-a müsahibəsində bu və digər məsələlər haqda danışıb.
 
Həmin müsahibəni təqdim edirik: 


- İlk növbədə özünüz haqda məlumat verərdiniz...

- Hazırda tədbirlər üzrə kordinator, pr menecer kimi çalışıram. Bakalavr təhsilimi Bakı Slavyan Universitetində almışam. Magist təhsili almaq üçün xaricdə universitetlərə müraciət elədim. ABŞ-ın 5 universitetinə müraciət etmişəm, onlardan 3-ə media ixtisası üzrə qəbul almışam, digər ikisindən isə hələlik xəbər çıxmayıb. Qəbul aldığım universitetlər Boston Universiteti, Colorado Boulder Universiteti və Denver Universitetidir. Bu universitetlər dünyada kifayət qədər reytinqi olan universitetlərdir.

- Qəbul olduğunuz universitetlərdən hansını seçdiniz?

- Bu universitetlərə qəbul olunmağıma çox sevindim. Çünki Boston Universiteti qəbul faizi 19% olan bir universitetdir, amma təəssüflər olsun ki, tam təqaüd proqramları yox idi. Mənim göstəricilərim çox yaxşı olduğu üçün toplam 45 min dollar təqaüd təklif etdilər. Həm reytinqi yüksək olduğuna görə, həm də təqaüd miqdarı böyük olduğuna görə mən Boston Universitetində təhsilimi davam etdirmək qərarına gəldim.
 
- Bildiyimiz qədərilə Boston universitetində ermənilərin təsiri güclüdür. 

- Mənim təhsil almaq istədiyim Boston Universitetinə iki erməni - Çobanyan və Arvetisyan adlı şəxs yüz milyon dollar ianə etdikləri üçün Boston Universitetinin tibb məktəbinə məhz onların adları verilib. Həmçinin bir çox universitetlərdə sırf ermənilər üçün təqaüd proqramları çoxdur. Düzdür, bu işdə onların diasporlarının güclü rolu var. Mənim bununla bağlı öz məqaləm də var idi. Demişdim ki, təkcə erməni diasporları təhsil almaq istəyən erməni tələbələr üçün 13 adda təqaüd proqramı yaradıb, amma azərbaycanlılar üçün təqaüd proqramlarının azlığı var. Düşünürəm ki, biz əgər dünya miqyasında mütəxəssislər yetişdirmək istəyiriksə və onların diasporu ilə mübarizə aparmaq istəyiriksə, bizim daha çox şanslarımız olmalıdır. Başqa bir maraqlı fakt da deyə bilərəm. Kaliforniyada universitetə qəbul olan dostumdan soruşmuşdular ki, "siz erməni əsillisiniz, yoxsa yox?”. Çünki erməni əsillilər üçün xüsusi təqaüd proqramları var. Hətta universitet özü onlarla əlaqə saxlayır ki, əgər erməni əsillisinizsə, biz sizə təqaüd verə bilərik. Ancaq bu bizi ruhdan salmır. Biz gələcəyə müsbət baxırıq. Düşünürük ki, gələcəkdə Azərbaycandan olan kadrlar üçün təqaüd imkanları böyük olacaq. Biz özümüz də dəstək duracağıq. Bu baxımdan müsbət baxışım var.
 

 
- Qeyd etdiniz ki, təhsil haqqının yarısını universitet sizə güzəşt edəcək. Yerdə qalan hissəsi ilə bağlı nə deyə bilərsiniz?

- Çox təəssüf ki, ölkəmizdə tələblər üçün təqaüd proqramları çox azdır. Tək mənim yox, mənim ətrafımda bir sıra gənclər var ki, təhsil almaq istəyirlər və maliyyə problemləri onlar üçün bir maneədir. Bizdə əslində dövlət proqramları var, amma təəssüflər olsun ki, media-jurnalistika ixtisası prioritet ixtisaslara daxil deyil, həm dövlət proqramında, həm də fondların xaricə təhsil proqramında. Təqaüd proqramlarının əslində az olmağı xaricdə təhsil almaq istəyən Azərbaycan gənci üçün bariyerdir. Media sahəsi də dövlət proqramlarında prioritet olmadığı üçün çətinliklə üzləşirik. 

- Nəyə görə məhz media sahəsini seçmisiniz?

- Mənim media sahəsinə böyük marağım var, Vətən müharibəsi dövründə sırf informasiya müharibəsi vaxtı şəxsən mən özüm gördüm ki, media çox önəmli bir sahədir. Media vasitəsilə insanlar dünyada, ölkədə baş verənlərdən xəbərdar olur. Azərbaycanın da yaxşı təmsil olunması üçün düşünürəm ki, bizim beynəlxalq səviyyəyə çıxışı olan media mütəxəssislərimizin olması şərtdir. Mən də bu minvalda daha çox həvəslənərək media üzrə mütəxəssis olmağa qərar verdim. Magistr proqramları ABŞ-da ona görə yaxşıdır ki, media sahəsi çox genişdir, rəqəmsal media üzrə təhsil, yeni media üzrə təhsil var. Yəni tək jurnalistika ilə kifayətlənmir. Amma Azərbaycanda tək jurnalistikayla kifayətlənir və bu da mütəxəssis yetişməsi üçün bir çətinlikdir. Lakin xarici universitetlərdə sırf ABŞ ilə maraqlandığım üçün deyə bilərəm ki, Amerika universitetlərində geniş şəkildə media təhsilinin olmağı mütəxəssis yetişdirməyə çox böyük bir imkan verir. Bu da onun özünəməxsusluğudur, həmçinin həm dünyada məşhur media şirkətlərinin, qurumlarının ABŞ-da yerləşməsi və bir çox mütəxəssislərin oradan çıxması təbii ki, özünəməxsus bir xüsusiyyət verir ki, insanlar mütəxəssis olmaq üçün həmin ölkəyə can atsınlar.
 


- Bununla bağlı nə kimi təklifləriniz var?

- Əslində təqaüd imkanları çoxdur, amma çox olsa da müraciət olunanda görürsünüz ki, hərəsinin şərti ayrıdır. Məbləğlər də o qədər yüksək olmur. Heç də bütün təqaüd proqramları təhsil müddətində xərcləri ödəməyə çatmır. Real danışsaq, məsəl üçün ABŞ-ı götürsək, təhsil haqqı və yaşam xərcləri Azərbaycana nisbətən çox bahadır. Oradakı təqaüd proqramlarının bir çoxunu araşdırmışam, müraciət etmişəm. Mənə cavab gəlib ki, bu təqaüd proqramı yalnız ABŞ vətəndaşları üçün verilir. Bəzi təqaüd proqramları da vardır ki, çox azdır. Min dollar və ya iki min dollar miqdarında təqaüd verilir. Bu da təbii ki, azərbaycanlı tələbələr üçün fantastik qiymətləri qarşılamağa imkan vermir. Nəzərə alsaq ki, ABŞ-da nəqliyyat xərcləri və ya tibbi xərcləri hesablayanda bu bizə baha başa gəlir. Mən düşünürəm ki, elə birinci böyük bariyerdir ki, maddi dəstək çox azdır. Düzdür, orada işləyib qazanmaq imkanı da var, mən universitetimə müraciət etmişəm ki, sizdə əgər həm çalışıb, həm oxumaq imkanı varsa, bunu dəyərləndirmək istəyərəm. Onlar məni artıq öz siyahılarına əlavə ediblər. Burada da digər bir məqam ortaya çıxır ki, məsələn Amerikada əgər tələbə oxuyursa, ona həftədə cəmi 20 saat işləməyə icazə verilir, bu da yarımştat iş sayılır. Yarımştat işlə tələbə yenə də xərclərini o qədər də qarşılaya bilmir. Tələbələr xaricə gedərkən özlərində də müəyyən miqdarda pul olmalıdır ki, orada idarə ola bilsinlər. Bütün bunlar düşünürəm ki, Azərbaycan gəncinin qarşısında bir maneədir. 

- Son olaraq nə demək istərdiniz...

- Qəbul olduğum universitet təhsil haqqının yarısını demək olar ki, qarşılayır, amma digər xərcləri qarşılamaq çətindir. Mən hələ də bilmirəm ki, həmin fondu tapa biləcəm ki, öz təhsilimi maliyyələşdirim yoxsa yox? Düşünürəm ki, Azərbaycan cəmiyyəti daha duyarlı olsa, qurumlar daha duyarlı olsa, bizim də fondlarımız olsa və bizə xaricdə təhsildə dəstək olsalar, daha yaxşı olardı. Bu yolla gənclərimiz öz xəyallarını gerşəkləşdirə bilərdi. Gənclərin xəyalının gerçəkləşməyi Azərbaycanın daha parlaq gələcəyi olacağı deməkdir.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR