Deputat: "İsrafçılıq Azərbaycan xalqına xas deyil”. Azərbaycanda məmur avtomobillərinin qiymətinə nəzarət edəcək normativ akt qəbul etmək pis olmazdı. Məsələn, xidməti maşının ən yüksək qiymətinin məhdudlaşdırılması üzrə Rusiyanın nümunəsi çox müsbət haldır. Bizim ölkəmizdə də müxtəlif vəzifəli məmurlar üçün müxtəlif qiymətli avtomobillərin müəyyənləşdirilməsini təmin edəcək normalar qəbul etmək olar. Maşınların maksimal dəyəri 47 min dollaradək və daha az olmalıdır. Azərbaycanda belə avtomobillər iki kateqoriyaya ayrılır: xidməti və qonaqlar üçün. Təcrübə göstərir ki, bizim avtomobillərimizin qiyməti 47 min dollardan baha deyil. Ümumilikdə isə, israfçılıq Azərbaycan xalqına xas olan xüsusiyyət deyil. Bahalı avtomobillərdə gəzən məmurlara gəldikdə isə, bu, əsasən xidməti deyil, şəxsi avtomobildir. Oxu.Az xəbər verir ki, bu barədə "Exo”ya Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. Öz növbəsində iqtisadiyyat sahəsində ekspert Oqtay Haqverdiyevin bildirdiyinə görə, Azərbaycan Respublikasının nazirlər Kabineti bu və ya digər məmur – nazirlər, nazir müavinləri, şöbə müdirləri, komitə, fond rəhbərləri və s. üçün avtomobillərin qiymətini tənzimləyəcək qərar qəbul etməlidir. Məsələn, şöbə müdirlərinin avtomobillərinin dəyəri 30 min dollardan çox olmamalı, nazir müavinləri üçün 40 min, nazirlər üçün 100 min dollar həddini aşmamalıdır. Bu gün təkcə nazirlərin kifayət qədər bahalı xidməti avtomobilləri var və bəzən onların qiymətləri 600 min dollaradək dəyişir. Digər məmurların maşınlarının qiyməti 40-120 min dollar arasındadır. Nazirlər Kabinetinin belə qərarı büdcə vəsaitlərinə qənaət baxımından çox vacibdir. Qeyd edək ki, Nazirlər Kabinetinin N120 saylı 18 iyul 2011-ci il tarixli qərarına əsasən yalnız xidməti maşının xərclərinə nəzarət olunur. Məsələn, xidməti avtomobillər üçün aylıq gediş məsafəsi 2,0 min kilometr təşkil edir. Yük avtomobilləri, avtobus və xüsusi təyinatlı avtobuslar üçün bu göstərici 1,5 min kilometrə bərabərdir. Qonaqlara xidmət göstərən avtomobillər üçün aylıq limit 1,0 min, motosiklet və motorollerlər üçün 500 kilometr müəyyənləşdirilib. Bundan əvvəl İqtisadi təşəbbüslərə yardım mərkəzinin araşdırması isə müəyyən etmişdi ki, Azərbaycanda vəzifəli şəxslərin avtomobillərinin dəyəri 80 – 200 min avro arasında dəyişir. ANS PRESS-in verdiyi xəbərə görə, 2006-2011-ci illərdə Azərbaycanda xidməti avtomobillərin alınması üçün dövlət büdcəsindən 400 milyon manat pul ayrılıb.