“İşləyən hər bir vətəndaşın borcudur ki. əldə etdiyi gəlirin bir hissəsini qanunla müəyyən edilmiş qayadada dövlətə vergi şəklində ödəsin. Amma fantastik qiymətlərə toylara gedən müğənnilər vergidən yayınırlar ki, bu da onların vətəndaş məsuliyyətsizliyindən irəli gəlir” .Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı alim, sabiq millət vəkili Nazim Məmmədov söyləyib.
Xatırladaq ki, vaxtaşırı olaraq Kütləvi İnformasiya Vaisətlərində (KİV) müğənnilərin toy qiymətləri ilə bağlı siyahılar dərc edilir. Az-çox popluyar müğənnilərin bütöv toyu 3-20 min, yarım saatlıq çıxışa görə isə 1000-5000 arası qonorar tələb etməsi cəmiyyətdə ciddi təpki ilə qarşılanır. Əhalinin və çağırılan qonaqların ciddi şəkildə ziyana uğradığı toylardan qazananlar isə restoran sahibləri və müğənnilər olur.
Editor.az-a açıqlamasında sabiq millət vəkili Nazim Məmmədov bildirdi ki, toy biznesinin geniş vüsət almasının ciddi səbəbləri var: “Bazar iqtisadiyyatı şəraitində elan edilən qiymətlər restoran və müğənnilərin özləri tərəfindən təklif olunur. Televiziyaların bahalı və zəngin toylarla bağlı sujetləri, dəbdəbəli mərasimlər ətrafında təbliğatları cəmiyyətdə bu məsələdə cılız rəqabət və fərqlənmək ehtirası yaradır. Digərlərindən nümunə götürən valideynlər də məcbur qalaraq, övladlarının toyunu restoranlarda bahalı müğənnilərin iştirakı ilə təşkil edirlər. Məsələnin kökündə məhz bu səbəb dayanır. Digər tərəfdən müğənnilər toy qiymətləri ilə bağlı fantastik rəqəmlərlə ifadə olunan qonorar tələb etsələr də, vergidən yayınırlar. Bakı şəhəri üzrə cəmi 80 müğənni vergi ödəyicisidir ki, onların da il ərzində ödədikləri məbləğ 1000 manatı keçmir. Bu isə onların toylara getdiyi qiymətlərin yanında olduqca cüzi rəqəmdir. Əksəriyyətinin də arqumenti ondan ibarət olur ki, həmin toya qonaq qismində dəvət olunmuşam və buna görə, vergi ödəməli deyiləm. Qanunla hər bir müğənni əldə etdiyi gəlirin 14 faizini dövlətə vergi ödəməyə borcludur. Reallıqda isə şou əhli vergidən yayınmaqla, həm də dövlətə olan borcunu ödəməkdən imtina edirlər”.