Yaranış tarixi ilə bağlı birmənalı mövqe olmayan və bütün dünyanın “Sevgililər Günü” kimi qeyd etdiyi 14 fevralı Rusiyada yaşayan azərbaycanlılar tam fərqli və nümunəvi formada qeyd edəcəklər. Bu barədə məlumatı Moskvada fəaliyyət göstərən “Bakı” İncəsənət və Mədəniyyət Studiyasının direktoru Samirə Zeynalova verib. Onun sözlərinə görə, 14 fevralı tarixində rəhbərlik etdiyi studiyanın təşkilatçılığı ilə Moskvada “Azərbaycan sevgim mənim” adı altında möhtəşəm gecə keçiriləcək. Gecəyə Azərbaycandan Əməkdar artist Aybəniz Haşımova, müğənnilər Rəşad İlyasov, Aynişan Quliyeva, tanınmış teleaparıcı Səxavət Nur və digər qonaqlar qatılacaqlar:“Bəlli olduğu kimi Azərbaycanda 30 iyun Milli Sevgililər günü haqlı olaraq İlham və Fərizənin adıyla bağlıdır. Heç şübhəsiz ki, bu bütün azərbaycanlılar üçün olduqca önəmli və müqəddəs bir gündür. Ancaq bununla belə, 14 fevral tarixinin bütün dünyada geniş şəkildə qeyd olunduğunu nəzərə alaraq, belə qərara gəldik ki, biz bu gündən doğma Azərbaycanımızın təbliği naminə istifadə edək. Yəni bütün dünyanın 14 fevralı “Sevgililər günü” kimi qeyd etdiyi bir tarixdə, biz Moskvada “Azərbaycan sevgim mənim” adı altında bütün diqqətləri ölkəmizdə yönəltməyə çalışacağıq. Çünki bütün həmvətənlilərimizin qəlbində daşıdığı ən böyük sevgi Azərbaycan sevgisidir. Bakıdan da məşhur sənətçilərin, qonaqların qatılacağı və böyük sürprizlərin gözlənildiyi tədbirimizin uğurlu olacağına əminəm”. /// qaynar.info