Azərbaycanlı teleaparıcı: "Məndən ikinci uşaq gözləyənlərin nəzərinə çatdırım ki..."

MAQAZİN
08:12 31.08.2012
4133
Tanınmış teleaparıcı Samirə Mustafayeva Publika.az-a müsahibə verib. AZXEBER.COM müsahibəni ixtisarla oxucalarına təqdim edir.
- Maraqlıdır, ixtisası jurnalist olmayan insan televiziyaya necə düşür və orada necə baş çıxarır?- Heç vaxt ağlıma gəlməzdi ki, mən aparıcı olacağam. Arzu idi və fikirləşirdim ki, elə arzu olaraq da qalacaq. İxtisasca müəlliməm. Hələ məktəbdə oxuyarkən, bütün tədbirlərdə mən digərlərindən seçilmişəm. Bunun səbəbini hələ də müəyyən edə bilməmişəm. Televiziyaya müsabiqə yolu ilə gəldim. Hər zaman düşünürdüm ki, televiziyaya düşmək fantastik bir şeydir, orada işləməyin necə mümkün olacağını, yollarını bilmirdim. Televiziyaya düşmək üçün adamımmı olmalıydı, jurnalistikanımı bitirməliydim?! Açığı bilmirdim. Mən heç vaxt “jurnalist olacağam” deyib durmamışam. ATV-də müsabiqə elan olunmuşdu, gəldim iştirak etdim və seçildim. Əslində müsabiqə xəbər proqramı üçün aparılmırdı. Çünki xəbərlərdə aparıcıya ehtiyac yox idi. Amma məni görən kimi dedilər ki, bu qız nəsə demək istəyir, sanki üzündə məlumat var. İnanırdım ki, alına bilər, alındı və seçildim. Müsabiqədə iştirak edəcəyimdən evdəkilərin xəbəri yox idi. Evə gəldim. Heç bilmədim anamı, atamı necə başa salım ki, belə bir iş tutmuşam və sabahdan getməliyəm. Nəhayət dedim... Belə deyək də, anam iki-üç ay yola verdi. Elə bu səbəbdən həmişə deyirəm ki, ATV-də fəaliyyətim 2004-cü ildən başlayıb, əslində isə 2003-dən orada işləyirəm. ATV mənim ilk iş yerimdir. Mənim üçün necə ki, məktəbə, universitetə getmək lazımdır, eləcə də ATV-yə gəlmək lazımdır.- Yəni xəbər aparıcısı olmaq sizin məqsədiniz deyildi?- Özümü televiziyada aparıcı kimi sınamaq istəyirdim. Uşaqlıqda həmişə deyirdim ki, prokuror olacam. Bilmirəm bu fikrə haradan gəlmişdim, niyə bunu istəyirdim. Sonra yaxşı rəsm çəkmə qabiliyyətim var idi. İndi qızımın çəkdiyi şəkilləri, evin ən yaxşı yerindən asıram. Amma mənə qarşı bu olmayıb. Nədənsə valideyinlərim buna fikir verməyiblər. Atam da, anam da qızlarını ya həkim, ya da müəllim görmək istəyiblər. Maraqlı bir məqam da budur ki, atam həmişə ibtidai sinif müəllimi olmağımı arzulayıb. Televiziyaya gələndə, sadəcə, aparıcı olmaq istəyirdim. İstiqamətimi müəyyən etməmişdim. Ümumiyyətlə, düşünürəm ki, aparıcı biristiqamətli olmamalıdır. Məsələn, Nərgiz Cəlilovanı xəbərə də çıxarmaq olar, şou-proqrama da, hətta uşaqlar üçün verilişə də. Bax belə aparıcı olmaq istəmişəm. Tamaşaçım mənə inansın, verdiyim xəbəri öz xəbəri kimi hiss edib, qəbul etsin. İstəyirəm ki, tamaşaçım məndən həm xəbər alsın, həm əylənsin, həm də maariflənsin.- Televiziyada görüntü çox önəmlidir. Gəlin öncə bunu etiraf edək.- Edək.- Siz gözəl xanım olmaqla yanaşı, xəbər standartlarına yenilik də gətirdiniz. Üz cizgiləri ilə oynamaqla, xəbərə münasibətinizi gülüşünüzlə və ya kədərinizlə bildirməklə digərlərindən fərqləndiniz. Yəni xəbər proqramına artistlik elementləri qatdınız. Bunu etmək öz fikriniz idi?- Yəqin hiss etdiniz ki, sakit oturub danışa bilmirəm. Dəfələrlə özümə demişəm ki, axı niyə belə edirəm, sonda özüm yoruluram. Sizinlə müsahibəni bitirdikdən sonra, özümü böyük bir iş görüb oturmuş kimi hiss edəcəyəm. Nitqimlə yanaşı, hər şeyimi izləyicilərimə quban verirəm, bütünlüklə onların oluram. Çünki emosional insanam, durduğum yerdə ağlaya bilərəm, ağladığım yerdə gülə bilərəm. Düzdür, etdiklərim Azərbaycan efiri üçün yenilik oldu. Amma bilirsiniz, hər şeydən öncə biz insanıq, bir xəbər məni kədərləndirə bilər və güldürə də bilər. Yəni gülsəm, efirdə belə özümü saxlaya bilməyəcəyəm. Doqquz il bundan öncə ATV-yə gələndə, iki ay efirə hazırlaşmışam. İki ay suflyorla işləməyi öyrənmişəm. Suflyorla o qədər məşq edirdim ki, gecələr də elə bilirdim, onun qarşısındayam və onunla danışıram. Kamera mənim üçün doğmadır. Onun obyektivi mənim üçün canlı insana çevrilib, onunla danışa bilərəm. Redaktorlar nahara gedəndə belə, tək oturub suflyorla məşq edirdim. Bütün bunlar, bəlkə də, mənim kamera qarşısında belə rahat olmağıma səbəb olub. Efirdə sanki özümdən asılı olmayaraq yerimdən sıçrayıram. İlk vaxtlar mənə deyirdilər ki, əlini stola bağla, tərpətmə. Dövlət televiziyasında xəbərin çatdırılmasında, yazılmasında fərqlilik var. Bir var haradasa keçirilmiş tədbir haqqında məlumat verib xəbərə başlayasan, bir də var tədbirdə baş verən hansısa maraqlı hadisəni qeyd edib, tamaşaçının diqqətini çəkəsən. “Son xəbər”in də fərqi budur. Bizdə isə qəbul olunub ki, xəbər aparıcısı ciddi və hissiz olmalıdır. Əlbəttə, mən də qəbul edirəm ki, ciddi olmaq lazımdır, xəbər aparıcısının öz geyimi var. Efirə pencəkdə çıxmağı çox sevirəm. Çalışıram ki, tamaşaçı məni eyni üslubda, eyni saç düzümündə görsün.- Məncə, bu sizdə alınmır. Nəzərə alanda ki, siz imicinizi tez-tez dəyişən xanımsınız...- Düzdür, bu məndə alınmır...- Yəqin, xarakterinizlə bağlıdır...- Bəli. Mənim üçün də efirdə yolverilməz məqamlar var. Məsələn, böyük sırğalar taxaraq, tamaşaçının diqqətini yayındırmaq qəbul edilən bir şey deyil, yaxud tünd makiyaj və s.- Samirə, siz həyat yoldaşınızla bir yerdə işləyirsiniz və o, sizdən yuxarı vəzifədədir. Yəni rəhbərinizdir. Bunu sizin üçün bir üstünlük adlandırmaq olar?- Əvvəllər hər kəs mənim evli olub-olmamağımla maraqlanırdı. İndi isə uğurlarımı Vaqifin adı ilə bağlayırlar. Bunu qəbul edə bilmirəm. Mən də digər işçilər kimi gecikəndə, ona zəng edib icazə alıram. Mənə qarşı tələbkarlıq, digər işçilərə qarşı olandan daha çoxdur. Belə bir atalar sözü var, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Mən həmişə qız rolunda oluram. Tək üstünlük bütün günü birlikdə olmağımızdır. Əslində, heç bu da üstünlük deyil.- Qızınıza necə, istədiyiniz qədər vaxt ayıra bilirsiniz?- Təəssüf ki, qızıma vaxt ayıra bilmirəm. Qızım mənim hər şeyimdir. Ona görə hər şeyə nöqtə qoya bilərəm. Mənim işləməyə maddi ehtiyacım yoxdur. Bu, ancaq mənəvi ehtiyacdır. Sadəcə, hər şeyi buraxıb getməyə heyfim gəlir. Məndən ikinci uşaq gözləyənlərin nəzərinə çatdırım ki, hələ 28 yaşım var. Mənim yaşıdlarım evlənsin, bir uşaqları olsun, sonra mən də ikinci uşaq haqqında düşünərəm (gülür).- Bəlkə də, bu şöhrətpərəstlikdən irəli gəlir? Yəni özünüzü efirdə görməyə o qədər alışmışınız ki, bunsuz həyatınızı təsəvvür edə bilmirsiniz. Ola bilər?- Bilirsiniz, şöhrət var uçuruma aparar, şöhrət var, uğur gətirər.- Əslində, şöhrətpərəstlik pis xüsusiyyət deyil...- Düzdür. Sevil Nuriyeva bir dəfə mənə dedi ki: “Samirə, çoxları sənin olduğun yeri tutmaq istəyir, buna can atır. Sən əldə etdiklərini düzgün qiymətləndirməlisən”. Bu sözləri qulağımda sırğa etdim. Biz göz önündəyik, bizi izləyənlərə nümunə oluruq. Gərək həmişə bunu nəzərə alaq. Hərəkətlərimizə, dediklərimizə fikir verək. Bizə edilən hörmətə, göstərilən etimada layiq olaq. Mən buna çalışıram. Eyni zamanda düşünürəm ki, hələ heç nə eldə etməmişəm. Qarşımda məqsədlərim var. Onlara çatmaq üçün çalışıram. Düşünürəm ki, TV-dən getmək üçün hələ tezdir.

OXŞAR XƏBƏRLƏR