"İran azərbaycanlıları din adı ilə dəvət edib, casusluğa cəlb edib" - Deputat
SOSİAL
13:08 13.03.2023
134
"Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsi və qələbədən sonra yaratdığı yeni siyasi-iqtisadi reallıqlar bir çox ölkələri narahat edir. Bir çox qurumları, təşkilatları təşvişə salır. Bütün bunların kökündə həm erməni dəyirmanına su tökənlər, həm Azərbaycanın, Türkiyənin bölgədə və qlobal anlamda güclənməsini istəməyənlərdir. İslamafobiya, türkəfobiya ruhunda yaşayan qurumlar və ya dövlətlərin hər biri bizim inkişafımızı gözü götürməyənlərdir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, İranın çirkin siyasəti hazırda da davam etməkdədir:
"Azərbaycan digər dost dövlətlərlə birlikdə inkişaf edir, strateji əlaqələrini gücləndirir. O cümlədən ölkəmizi həzm etməyən, onun inkişafını qəbul etməyən, ümumiyyətlə, varlığından narahat olan, təəssüf ki, qonşuluğumuzda olan İran da var. Biz hər zaman söyləmişik ki, həmişə İranla münasibətlərin müsbət dinamakisını arzulamışıq. İranla dil, din, coğrafi ərazidə qədim köklər və s. bir çox ortaq məsələlərə malik olduğumuzu dəfələrlə söyləmişik. Uzun illər bu siyasəti həyata keçirmişik. Təəssüf ki, əksinə, İran Azərbaycanı dövlət kimi qəbul etmədiyini göstərib. Tarixçiləri Azərbaycan tarixini təhrif edib. Şairlərimizi, yazıçılarımızı, ərazilərimizi öz adlarına çıxarıb. Azərbaycana dost olmayan ölkələrlə münasibət qurmağa çalışıb. Bunlar hər biri artıq 44 günlük Vətən müharibəsindən sonra açıq-aşkar görünür. İranın bu çirkin siyasəti hazırda da davam etməkdədir”.
Deputat deyib ki, İran uzun illər ərzində Azərbaycanda casus şəbəkəsini qurmaq üçün müxtəlif yollara əl atıb:
"Çox təəssüflər olsun ki, ölkəmizdə İranla bağlı kifayət qədər casus qrupları da mövcud olub. İran uzun illər ərzində Azərbaycanda bu şəbəkəni qurmaq üçün müxtəlif yollara əl atıb. Dini məktəb oxumaq adıyla insanları ora dəvət etməklə, onları əməkdaşlığa cəlb etməklə, pul qarşılığında və digər yollarla kifayət qədər azərbaycanlıları ölkəmizin əleyhinə, İranın xeyrinə casusluq etməyə cəlb edib. Bu şəbəkənin, vətən xainlərinin tapılması, aşkar edilməsi, məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan dövləti, müvafiq orqanlar çox ciddi çalışır və biz zaman-zaman belə qrupların ifşa olunduğunu görürük. Son günlərdə də biz yenidən İranın casus şəbəkəsinə üzv olan insanların həbs olunduğunu gördük. Təbii ki, istintaq gedir, bizim hazırda məsələyə onların şəxsiyyətləri və s. kimi məsələlərə bağlı fikir bildirməyimiz tez olar. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti bununla bağlı istintaq həyata keçirir. Biz bu şəbəkənin üzvlərinin sayı, kimliklərini biləcəyik. Bir xalqın ən böyük sərvəti onun dövlətinin olması, o dövlətin müstəqil, suveren olmasıdır. İnsanların o dövlətdə layiqli yaşamasıdır. Bundan böyük sərvət ola bilməz. O dövləti sarsıtmağa, o dövləti nəyinsə qarşılığında digər dövlətlərə satılmasına, onun əleyhinə fəaliyyətdə olan insanları ən ağır cəzalar gözləməlidir. Belə insanlara qarşı çox ciddi addımlar atılmalıdır. Belə insanlara meyl edən insanlara əsla heç bir müdafiə, humanitar dəyər sərgiləmək olmaz. Cəzaların ən ağırı belə insanlara, belə şəbəkə üzvlərinə verilməlidir. Çükii dövlətə uzanan əllər kəsilməlidir”.