"Bakinski raboçi” qəzetinin 23 may tarixli nömrəsində tanınmış kinorejissor Ayaz Salayevin "Rüstəm İbrahimbəyov və onun ermənilərin müsibətlərinə görə azərbaycanlıların təqsirkar olması haqqında filmi” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycan haqqında yazanlar çox vaxt bizim səriştəsizliyimizə və ya qətiyyətsizliyimizə ümid edirlər. Belələri düşünürlər: ya heç nə başa düşməyəcəklər, ya da cavab verməyəcəklər...
"Qafqaz üçlüyü” filminin (2015, rejissorlar - Eldar Şengelaya, Fuad İbrahimbəyov, ssenari müəllifi Rüstəm İbrahimbəyov) yaradılmasından iki il sonra mən bu filmi təsadüfən gördüm, başa düşdüm və cavab verirəm.
Filmin proloqunda uşaqlar qayadan suya tullanırlar. Onlardan biri - ən qoçağı qorxaq dostunu ürəkləndirir. Az sonra məlum olur ki, bu qorxaq azərbaycanlı, qoçaq, həm də filmin baş qəhrəmanı isə Bakı ermənisidir. O böyüyəcək, yüksək ixtisaslı, nəcib və gözütox həkim-oftalmoloq olacaq. O, öz həkimlik məharətini Moskvada nümayiş etdirir, onun oğlu, istedadlı aktyor isə Bakıda, ögey atanın ailəsində Azərbaycan soyadı altında yaşamaqda davam edir. O da Moskvaya köçüb getməyə hazırlaşır, bir tamaşada iştirak edir, bu tamaşa onun aktyor taleyini həll etməlidir. Nəcib həkimin miras alması üçün hansı səbəbdənsə çox vacibdir ki, onun bioloji oğlu təcili surətdə özünün əsl erməni soyadını qaytarsın.
Ən dəhşətli hadisələr bundan sonra başlanır.
Azərbaycanlı qəddar kənd uşaqları haradansa bu zavallı aktyorun etnik mənşəyi barədə öyrənərək onu itələyib quyuya salır və daşa basırlar - ekranda erməni ziyalıların qaniçən vəhşi türklərin əlindən çəkdiyi əbədi əziyyətlərin obrazı canlanır.
Oğlunun itməsindən xəbər tutan ata qəhrəmancasına sərhədi keçir və uşaqlıqda dostluq etdiyi aciz oğlanın yanına qonaq gəlir. Düzdür, artıq həmin oğlan böyük kişidir, Azərbaycanda neft ehtiyatlarının tükənməsi barədə uzaqgörənlik etdiyinə görə vəzifədən qovulub. Qəzəblənmiş azərbaycanlılar dərhal həmin nəcib erməninin gizləndiyi evin ətrafında toplaşır. Burada televiziya müxbiri də var - aydındır ki, o, erməni talanlarına həvəskar olan bakılıların quracağı linç məhkəməsini çəkmək üçün gəlib...
...Hər halda yaşlı bədbəxt həkimi döyə bilirlər. Sonda bunu sərhəd xidmətinin məmuru aeroportda edir. O, həkimi döyməkdən ləzzət alır, aşkar görünür ki, bu, onun çoxdankı arzusu imiş.