"Sim" və "Cin" abunəçiləri tariflərin reallığı əks etdirmədiyindən şikayətçidir
Azərbaycanın iri mobil operatorlarından olan "Azercell" və "Bakcell" son vaxtlar öz müştərilərini incitməklə məşğuldur. Birinci şirkətin devizi olan "Azercell"lə yaşa, daha yaxşı yaşa" getdikcə öz aktuallığını və reallığını itirməkdədir. Əgər bir neçə il öncəyə qədər "Azercell"ə maraq göstərənlər çox idisə, bu gün belə deyil. Çünki şirkət öz müştərilərinə kələk gəlməklə onları özündən uzaqlaşdırır.
"Sim” istifadəçiləri daha çox "Azercell"in həyata keçirdiyi tariflərdən şikayətçidir. Onların sözlərinə görə, "Azercell"in 3-cü dəqiqədən sonra pulsuz danışıq kampaniyası əslində, boş bir şeydir. Şəbəkə daxilində 3-cü dəqiqədən sonra pulsuz danışıq təkcə GəncSim tarifinin abunəçilərinə aiddir. Məlumata görə, bu tarifin istifadəçiləri 3-cü dəqiqədən sonra nəinki pulsuz danışır, hətta onların balansından artıq qəpiklər də tutulur. Bunun nəyə görə belə olduğunu başa düşməyən müştərilər "Azercell"ə bu barədə iradlarını bildirsələr də, şirkətdən bunun mümkünsüz olduğu cavabını eşidirlər.
Bundan əlavə şirkətin mobil telefonlara göndərdiyi bəzi sms-lər balansdan pulların silinməsinə gətirib çıxarır. Hava haqqında məlumatı öyrənmək, müxtəlif suallara cavab üçün telefona gələn mesajlara yanlışlıqla əl dəyirsə, balansdan ən azı 60-70 qəpik silinir. "Sim” istifadəçisi olan Bakı sakini Qasım Məmmədovun bizə dediyi məlumata görə, onun nömrəsindən hər kontur yüklədikcə 1 manat tutulur: "Mən neçə ildir ki, sim nömrə işlədirəm. Kredit-filan da götürmürəm. Amma hər dəfə kontur yükləyəndə balansımdan 1 manat çıxırlar. Borcum yoxdur. Bir həftə hər gün kontur yüklədim, hər gün də balansımdan pul çıxdılar. Bununla bağlı şirkətin Əhmədlidə yerləşən mərkəzinə müraciət etdim. Ordan mənə bildirdilər ki, yanlışlıqla sizin balansdan pul tutulub. Onlardan tutulan pulların həcmində kontur istəyəndə mənə dedilər ki, olan olub keçən keçib. Məgər 4 milyon abunəçisi olan bir şirkət belə səhvlərə yol verməlidir". "Azercell"lə yanaşı, "Bakcell" şirkətində də bəzi problemlər mövcuddur. "Daha yaxın olaq" deyən şirkətə yaxın olduqca adam lap soyulur. Daim bir-biri ilə rəqabətə girən iri mobil operatorlar keyfiyyəti yaddan çıxararaq, kəmiyyətə üstünlük verirlər. "Azercell" hər addımbaşı reklam lövhələrində 4 milyon abunəçisinin olduğunu car çəkir, "Bakcell" də onun kimi. "Azercell"in 4 milyon üzvünün olması inandırıcı görünmür. Belə çıxır ki, Azərbaycanın yarısı bu şirkətin istifadəçisidir. Sadəcə, hər ay müxtəlif kampaniyalar keçirən şirkət pulsuz nömrə paylayıb, istifadəçilərinin sayını çoxaldır. Məsələn, elə vətəndaş var ki, onun adına 4 "sim” nömrə mövcuddur. Yəni bir insanın 4 "sim” nömrəsi var. Şirkət isə elə zənn edir ki, 4 milyon əhalinin hər biri "sim” nömrədən istifadə edir. Yalançı kampaniyalarla müştərilərini aldadan bu mobil operatorlar belə gedişlə olan-qalan abunəçilərini də itirəcəklər.
Yuxarıda da qeyd olunduğu kimi, "Bakcell" də yavaş-yavaş "Azercell"in yolunu getməyə başlayıb. Şirkətin "1 saatı 7 dəqiqə" tarifi çoxları üçün əlverişli görünür. Amma düşünün, bir insana zəng vurub sadəcə bir-iki kəlmə demək istəyirsənsə, müddətdən asılı olmayaraq balansdan 7 qəpik çıxılır. Yəni bir söz desən də, 1 saat danışsan da, 7 qəpiyin gedir. Bu tarif çox danışanlara sərf edə bilər. Lakin gün ərzində bir neçə nəfərə zəng edib hal-əhval tutanda hər dəfə 7 qəpik çıxılsa, ay ərzində heç 100 manatlıq balans da bəs etməz.
Bundan başqa, şirkət şəbəkədaxili sms-lərin də qiymətini 1 qəpik artırıb. Əvvəl bir sms-in qiyməti 3 qəpik idisə, indi 4 qəpik olub. Həm də "Bakcell"in dalğası da zəifləyib. Metroda və bəzi dar yerlərdə mobil operatorun telefon dalğası çox zəif olur. Dünya təcrübəsindən isə görünür ki, mobil operatorlar tarifləri bacardıqları qədər ucuz edirlər ki, abunəçiləri maddi sıxıntı yaşamasın, sərfəli şəkildə bir-birləri ilə danışıb, mesajlaşsınlar.Bizdə isə hələlik bu "Nar Mobile"də mümkündür. Çünki bu mobil operatorla istənilən istiqamətə dəqiqəsi 3 qəpiklə danışmaq mümkündür. Bu, Unikal tarifi ilə realdır. Odur ki, "Azercell" və "Bakcell"dənsə sərfəlisi "Nar"dır.
/// Gündəlik- Bakı qəzeti