Jurnalist Əfsələddin Ağalarov (@efseleddin) yazır:
Murad Arif istedadlı, yenilikçi və intellektual bir sənətçidir. Şübhəsiz ki, bu keyfiyyətlər onun televiziya təcrübəsi ilə də sıx bağlıdır. Əbəs yerə demirlər ki, jurnalistika şövqü bir dəfə cana girdisə, asanlıqla çıxmaz.
O, təkcə bu xüsusiyyətlərinə görə deyil, həm də maddi azadlığını təmin etmiş bir sənətçi kimi fərqlənir. Görünür, bu uğura da layiqdir.Yaşadığımız cəmiyyətin spesifikasında maddi azadlıq, insanın düşüncə tərzini tamamilə dəyişə və ya fərqləndirə bilir.
Murad Arifin "Azəri” ifadəsində problem görməməsi və bu məsələyə daha dayaz yanaşması, bəlkə də, bu sosial-psixoloji amillərlə əlaqəlidir.
Əslində "Azərbaycanlı” və "Azərbaycan türkü” ifadələri tarixin süzgəcindən keçmiş, milli kimliyi dərk etmək üçün formalaşmış anlayışlardır.
Azərbaycan Respublikasının vətəndaşı olan hər kəsə — etnik mənsubiyyətindən asılı olmayaraq — azərbaycanlı deyilir. Bu, həm birləşdirici, həm də ideoloji yüklü bir termindir.
Tarixi və mədəni kontekstdə isə — İranda, Gürcüstanda, Türkiyədə yaşayan soydaşlarımız da daxil olmaqla — Azərbaycan türkü ifadəsi daha uyğun və əhatəlidir. Bu termin ortaq mədəniyyətə, dilə və mənsubiyyətə işarə edir. Həm də siyasi ağırlığı var. Orada - uzaqlarda yaşayan soydaşları rəsmi Bakıyla birləşdirir.
Bu ifadələrin hər ikisi alidir.
"Azəri” termini isə təhlükəli və xətalıdır. Bu təkcə bir qısaltma deyil.
Çünki onun altında bölücülük meyilləri yatır. Bu, heç kimə sirr deyil — sovet dövründə bu termin məhz milli kimliyi unutdurmaq məqsədilə ortaya atılmış və təəssüf ki, müəyyən dərəcədə də uğur qazanmış ideoloji proyektin bir hissəsi idi. "Azəri” termini Sovet ideologiyası dövründə etnik identifikasiyanı bölmək məqsədilə yaradılmışdı.
Dəyərli sənətçiyə fikir plüralizminə töhfə verdiyi üçün təşəkkür düşür. Amma yaxşı olardı ki, bu məsələyə münasibət bildirərkən Ulu Öndər Heydər Əliyevin və şair Bəxtiyar Vahabzadənin çıxışlarına da diqqətlə qulaq versin.
Ulu Öndər Konstitusiyada "Azərbaycan dili” ifadəsinin işlənməsini təkidlə müdafiə edirdi. Bu mövqeyin arxasında bir məqsəd dayanırdı: ifadənin dəqiqliyi və dövlətin suverenliyinin vurğulanması. Çünki müstəqil bir dövlət, dilini "ləhcə” kimi təqdim edə bilməz. Əgər belə bir yanaşma olsa, o zaman suverenlikdən də danışmaq çətin olar.
Bu tarixi qərar, günümüzdə siyasi masalarda öz təsdiqini tapır.
Yeri gəlmişkən, İlbər Ortaylı da bu mövzuda bizə əvəzsiz yaxşılıq etmiş bir dühadır. Onun 2017-ci ildəki "Azəri deməyin!" tarixi əsaslı çıxışı böyük coşqu ilə qarşılanmışdı.