“Aztelekom” Yaponiya şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

İQTİSADİYYAT
20:00 14.02.2014
1697
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi bu gün Yaponiyanın “NEC Corporation” şirkəti ilə əməkdaşlıq haqda memorandum imzalayıb.
AZXEBER.COM xəbər verir ki, memorandumu “Aztelekom” tərəfindən İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev, “NEC” şirkəti tərəfindən isə şirkətin Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno imzalayıb.
Z.Vəliyev bildirib ki, “Aztelekom” gələcəkdə Milli genişzolaqlı internetin inkişafı üzrə layihə çərçivəsində İP provayderinin imkanlarının genişləndirilməsini, mövcud olan stansiyaların NGN texnologiyasına köçürməklə genişləndirilməsini, son istifadəçi istiqamətində bütün abunə xətlərinin tam dəyişdirilməsini və hazırda DSL texnologiyası əsasında qurulmuş genişzolaqlı şəbəkədə GPON texnologiyasının tətbiqini nəzərdə tutur.
“Buna görə də bizim üçün “NEC” şirkətinin texnologiyaları maraq kəsb edir”, - deyə o bildirib.
Öz növbəsində Masahiro İkeno “NEC” şirkətinin informasiya və telekommunikasiya texnologiyalarının inkişafı sahəsində əhəmiyyətli nailiyyətləri olduğunu bildirib.
“Biz Azərbaycanda genişzolaqlı internetin inkişafı və digər sahələr üçün tələb olunan bütün texnologiyaları təqdim etməyə hazırıq. Bizim bu sahədə böyük təcrübəmiz var”, - deyə o qeyd edib.
Sonda şirkət nümayəndələri mobil və optik şəbəkələr vasitəsilə unifikasiya edilmiş xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş həllərdən səsli rabitə və internet xidmətlərinin təşkili ilə yanaşı, sosial xidmətlərin, o cümlədən təhsil, tibb, dövlət xidmətlərinin göstərilməsinə imkan verən İMC-NEC texnologiyasının qısa təqdimatını keçirdilər.

OXŞAR XƏBƏRLƏR