İctimaiyyətin diqqətinə!
Hörmətli Azxeber.com izləyiciləri, ötən gündən etibarən təmas xəttində başlayan və şanlı ordumuzun üstünlüyü ilə keçən döyüşlərlə bağlı ən son xəbərləri gecə-gündüz demədən diqqətinizə çatdırmağa çalışırıq. Əlbəttə ki, müharibə təkcə səngərdə deyil, həm də informasiya məkanında aparılır. Azxeber.com olaraq biz də bu müharibədə doğru, operativ və rəsmi xəbərləri çatdırmağa çalışırıq.
Təəssüflər olsun ki, terrorçu Ermənistanın kibercinayətkar qrupları portalımıza qarşı kiber-hücum təşkil etmiş və qismən istəklərinə nail olmuşdular. Belə ki, portalımıza daxil olan terrorçu rejimin əlaltıları əsası olmayan, guya ki ordumuzun çoxlu sayda itkilər verdiyini bildirən xəbər dərc ediblər. Bu xəbər saytımızdan çox qısa zaman ərzində çıxarılmış və hücumun konkret olaraq Almaniyadakı kibercinayətkarlar tərəfindən həyata keçirildiyi aşkarlanmışdır.
Operativ reaksiyamız nəticəsində portalımıza xaricdən olan bu hücumların qarşısı alınmış və təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılımışdır. İctimaiyyətimizin diqqətinə çatdırırıq ki, sözügedən xəbər saxtadır və düşmən təxribatıdır.
Biz öz fəaliyyətimizi davam etdirir və şanlı ordumuzun müzəffər qələbə xəbərlərini sizlərin diqqətinə operativ şəkildə çatdırmağa çalışırıq!
Tanrı ordumuzu və dövlətimizi qorusun!
Hörmətlə,
Azxeber Media

