Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Bakı şəhəri 56 nömrəli körpələr evi-uşaq bağçasında azyaşlılar üçün əməyin mühafizəsi və təhlükəsiz davranış qaydalarına dair maarifləndirmə təlimi keçirilib.
AZXEBER.COM xəbər verir ki, təlimin məqsədi uşaqlarda əməyin mühafizəsi haqqında ilkin təsəvvürlərin formalaşdırılması, gündəlik həyatda və bağça mühitində təhlükəsiz davranış vərdişlərinin aşılanması, habelə təhlükəli vəziyyətləri tanımaq və belə hallarda düzgün davranmaq bacarıqlarının inkişaf etdirilməsi olub.
Uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq təhlükəsizlik qaydaları sadə və əyləncəli formada izah edilib. Onlara böyüklərin xəbərdarlıqlarına əməl etməyin və təhlükəli vəziyyətlərdən uzaq durmağın vacibliyi çatdırılıb.
Tədbirin daha maraqlı və interaktiv keçirilməsi məqsədilə uşaqlara təhlükəsiz davranış qaydalarını əks etdirən xüsusi boyama jurnalları paylanıb. Uşaqlar həmin materialları rəngləməklə öyrəndiklərini praktik şəkildə möhkəmləndiriblər.
Qeyd edək ki, Əməyin Mühafizəsi Mərkəzi tərəfindən azyaşlılar arasında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.











































