“Babamın Şuşada türməyə düşən yolda evi var, qəssab Abışın nəvəsiyəm...”

MAQAZİN
15:25 04.11.2020
5126
"Bir çox hallarda isə narahat oluram. Allah bizim cənab prezidentə can sağlığı versin, dünyada jurnalist qalmayıb hamısı axışıb o, kişinin üstünə, hamısına da elə cavab verir ki, mat şəkildə geri qayıdırlar”.
 
AZXEBER.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni əslən Şuşalı olduğunu bildirib: "O hissləri danışmaq çətindir, səhərə qədər xəbərlərə baxa-baxa məni nə vaxt yuxu aparır, bilmirəm. Mənim atam şuşalıdır, babamın Şuşada türməyə düşən yolda evi var və bir də Şuşa bazarında qəssab dükanı var, mən qəssab Abışın nəvəsiyəm. Flora xanımla biz bibiqızı dayıoğluyuq, onun anası şuşalıdır, atası Qəbələdəndir. Mənim isə anam naxçıvanlıdır. Qarabağlılar da bilir ki, hər dəfə televiziyada çıxışımda bunu həmişə qeyd etmişəm. Mənim Şuşada şəkillərim var. Yəni deməyim odur ki, mənə bu hisslər ikiqat təsir edir”.
 
Sənətçi bu uğurlu yolda Ali Baş Komandana uğurlar arzulayıb və hamımızın bir yumruq kimi onun ətrafında birləşdiyini deyib: "Bir çox hallarda isə narahat oluram. Allah bizim cənab prezidentə can sağlığı versin, dünyada jurnalist qalmayıb hamısı axışıb o, kişinin üstünə, hamısına da elə cavab verir ki, mat şəkildə geri qayıdırlar. Bizim prezidentimiz həmişə sevilib, qədir-qiyməti olub və indi xalq onun ətrafında elə birləşib ki, bunları görəndə adam kövrəlir. Cənab preziden İlham Əliyevin qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkillərini görəndə kövrəlirəm.
 
Ölkə başçısı böyük siyasəti, akademiyanı birinci evin içində görüb. Moskvada akademiyanı yüksək qiymətlərlə bitirib, orda müəllim işləyib. Onun müəllimləri indi onunla fəxr edirlər. Ona görə bizim prezident dünya liderləri içində seçilən prezidentdir. İndi bu adam Amerika və digər böyük ölkələri idarə edə bilər. Görün nə qədər uzaqgörən adamdır ki, 17 ildə Bakını qurdu, yaratdı, bununla yanaşı, olimpiya oyunları keçirildi və həm də ordu quruculuğunu inkişaf etdirdi.
 
Ordumuz indi sözünü deyir və bütün dünya mat qalıb. İndi dünyanın çox dövlətləri bizim döyüş taktikamızı öyrənmək istəyirlər. Ermənilər 30 il ərzində görün nə qədər istehkamlar tikmişdilər, möhkəmlənmişdilər, amma bir ayın içində bizim ordumuz onları vurub dağıdaraq 4-5 rayonumuzu azad etdi. Bu, dünya tarixində görünməyən bir işdir. Bunu mən birmənalı şəkildə öz məsuliyyətimlə deyirəm. Allah Ali Baş Komandanımızı, Şanlı Ordumuzu qorusun. Bu dəqiqə Azərbaycan yumruqdan da bərk birləşib. İndi dəmir kimiyik. Ona görə sizlərə minnətdaram, Allah qoysa, bir də məndən Şuşada açıqlama alarsınız”.

OXŞAR XƏBƏRLƏR