Əgər onların hər birinin potensial virus daşıyıcısı olduğunu nəzərə alsaq, vəziyyətin yerli sakinlərin həyatı üçün nə qədər təhlükəli və acınacaqlı olduğunu dərk etmək heç də çətin olmaz.
Heç təsadüfi deyil ki, 2011-ci il ərzində Bakı şəhəri də daxil olmaqla bütün respublika üzrə təqribən 8 mindən çox heyvan dişləməsi hadisəsi qeydə alınıb. Bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova bildirib. Bundan başqa onun sözlərinə görə, ölkədə cari ilin 6 ayı ərzində quduzluq xəstəliyinə yoluxma halı da qeydə alınıb. Stansiyanın şöbə müdiri canavar dişləməsi ilə bağlı Şəki şəhərində baş verən son hadisəni də diqqətimizə çatdırıb:
“Bu yaxınlarda Şəkinin Başküngüt kəndində canavar dişləməsi hadisəsi qeydə almışıq. Orada quduz canavar 5 insanı dişləyib. Bu insanların hamısı müraciət etdiklərindən quduzluğa qarşı peyvənd alıblar. Lakin onlardan birini canavar çox təhlükəli olan üz, dodaq və baş nayihələrindən dişlədiyindən 4 iynə almasına baxmayaraq o, həlak olub. Bu şəxsdə artıq kəskin quduzluq əlamətləri - sudan və havadan qorxma, boğulma halları hiss olunmağa başlamışdı. Ümumiyyətlə, təhlükəli yerlərdən (əl, üz, dodaq, yuxarı ətraflar) dişləmə olarsa, bu zaman peyvənd köməksiz olur. Və belə halların əksəriyyətində xəstələrin həyatını xilas etmək mümkünsüz olur”.
Lakin Rita İsmayılova qeydə alınan 8 mindən artıq dişləmə faktının 80 faizinin itlərin hücumu nəticəsində baş verdiyini bildirib. Quduzluq xəstəliyinin əsasən vəhşi heyvanlar arasında yayıldığını və onların da daima ev heyvanları ilə təmasda olduğunu qeyd edən şöbə müdiri onların bir-biri ilə qapışması və ya bir-birlərini dişləməsi nəticəsində ev heyvanlarının da bu xəstəliyə yoluxduğunu deyir. Onun sözlərinə görə, artıq yoluxmuş ev heyvanlarının dişlədiyi insanlar peyvənd olunmayanda bu çox vaxt ölümlə nəticələnir.
Rita xanım insanların belə hallara etinasız yanaşdığını, dişləmə halı qeydə alınan zaman həkimə müraciət etməyə o qədər də əhəmiyyət vermədiklərini söyləyir: “Ümumiyyətlə, insanlar belə hallar baş verdikdə həkimə müraciət etmirlər. İt dişləməsindən sonra müraciət çox az olur”, - deyə Rita İsmayılova əlavə edib.
Quduzluğun insandan-insana keçmə ehtimalına gəldikdə isə RTƏS əməkdaşı bildirib ki, belə hal ümumiyyətlə dünya praktikasında qeydə alınmayıb və bu sırf heyvan mənşəli xəstəlikdir. Quduzluq xəstəliyinə yoluxmuş insanın müalicə müddəti isə 90 gün çəkir.
“Quduzluq xəstəliyinə yoluxmuş insan 90 gün ərzində nəzarətimizdə olur. Onlara “antirapik” vaksin (Quduzluq əleyhinə vaksin) tətbiq olunur. Əgər dişləyən heyvan naməlumdursa və yaxud dişləyən heyvanın quduz olduğu təsdiq olunubsa, o zaman xəstəyə mərhələli şəkildə altı iynə vurulur. İlk olaraq dişləmə günü, daha sonra dişləmənin 3, 7, 14, 30 və 90-cı günləri vurulur. Və əgər dişləyən it məlumdursa, baytarlar onun üzərində 10 gün nəzarət aparır. On gün ərzində it ölmürsə, yəni quduz deyilsə, dişləməyə məruz qalan şəxs üç iynə alır”, - deyə şöbə müdiri bildirib.
Daim televiziya və digər KİV-lər vasitəsilə əhali arasında maarifləndirmə işlərinin aparıldığını bildirən Rita İsmayılova insanları dişləmə zamanı iynəyə cəlb olunmağa çağırıb.
Bəs bu yiyəsiz itlərə sahib çıxan tapılmayacaq? Çətin... Təkcə Bakı şəhərinin 11 rayonu var və hər rayona bir ovçu düşür. Bu da təbii ki, ildə iki-üç dəfə bala verən sahibsiz itlərin zərərsizləşdirilməsi üçün yetərli işçi qüvvəsi deyil. Elə Bakı şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin (BŞİH SHMİ) şöbə müdiri Əhməd Məmmədov da bu fikirdədir. O deyir ki, idarə sakinlərin şikayətlərinin əlindən heç özü monitorinq keçirməyə vaxt tapmır. Ə.Məmmədovun sözlərinə görə, şikayətlər daha çox Binəqədi, Sabunçu, Suraxanı, Yasamal, Xətai, Qaradağ rayonlarının ərazilərindən gəlir.
“Sahibsiz itləri əsasən əhalinin müraciətləri əsasında ovlayırıq. Bizim özümüzün reyd etməyə heç vaxtımız olmur. Zənglər, müraciətlər çox olur. Bizim iş prinsipimizə görə, itlər həm tutulur, həm də məhv edilir. Məsələn, əgər tutulan hər hansı bir itdə quduzluq xəstəliyi aşkar edilərsə həmin ərazidə mütləq reyd aparırıq və ərazini itlərdən təmizləyirik. Yəni o itlər həmin ərazidə olan digər heyvanlarla əlaqədə ola və digərlərini də quduzluq xəstəliyinə yoluxdura bilərlər. Ümumiyyətlə, saxlanılan heyvan təqribən 10 gün ərzində ölürsə, deməli onda quduzluq xəstəliyi var. Bizim öz krimatoriyamız var, cəsədləri orada yandırırıq”, - deyə Əhməd Məmmədov bildirdi.
Əgər itlər məhv edilirsə bəs nə üçün onda əvvəllər tək-tük gözə dəyən bu heyvanlar indi küçələrdə sürü ilə dolaşmağa başlayıb? Bəlkə əraziyə göndərilən ovçular işlərinə məsuliyyətsiz yanaşırlar, yəni bir-iki it vurmaqla kifayətlənirlər? Bəlkə “itvuranlar”çağırılan əraziyə itlərin dolaşan vaxtı – səhər və ya gecə deyil, günün günorta çağı gəlirlər?
Suallarımızı cavablandıran Əhməd Məmmədov hazırda idarədə 11 briqadanın olduğunu və hər briqadaya 1 ovçu, 1 sürücü və 1 fəhlənin daxil olduğunu dedi.
“Bilirsiniz biz işçilərimizi çağırış əsasında hansısa rayonun ərazisinə göndərəndə onlar təkcə bir ünvana getmirlər. Yəni bizdə hər rayona bir briqada baxır və briqada ərazidə təkcə bir ünvanı itlərdən təmizləmir, bir neçə ünvana baş çəkir. Bu səbəbdən onlar bir ünvandan çıxıb digərinə gedəndə artıq səhərdən keçmiş olur. Səhər tezdən Bakının 11 rayonuna məxsus müəyyən ünvanlara eyni vaxtda adam göndərmək mümkün deyil axı”, - deyə BŞİH SHMİ-nin şöbə müdiri Əhməd Məmmədov bildirdi.
Mətbuatda yayılan sahibsiz heyvanların “Kalaşnikov” tipli avtomatla məhv edilməsi xəbərinə münasibət bildirən Ə. Məmmədov bunun tamamilə yanlış olduğunu və heyvanların ov tüfəngi ilə zərərsizləşdirildiyini söylədi. Ə.Məmmədov tezliklə sahibsiz itlərlə mübarizənin yeni üsulla aparılacağını da dedi: "Bu günə qədər sahibsiz itlər güllələnmə üsulu ilə məhv edilirdi. Bu da ətrafda yaşayan sakinlərin haqlı narazılığına səbəb olurdu. Camaat sahibsiz itlərin ovlanması zamanı yaranan səs-küydən narazılıq edirlər. Biz də bilirik ki, səhər və ya günün günorta çağı yaşayış ərazisində və ya onun yaxınlığında güllə səsləri insanlarda xof yaradır, uşaqların qorxmasına, həyacanlanmasına səbəb olur. Belə problemlərin aradan qaldırılması üçün bir çox ölkələrdə sahibsiz itlərin səssiz tapançalarla məhv edilməsi praktikasından istifadə olunur. Yəni xüsusi səssiz tapançalar vasitəsilə itlərin bədəninə dərmanlar yeridilir. Daha sonra onlar tutulur və ətraf ərazilərə aparılır, yaxud da xüsusi dərmanlar vasitəsilə itlər tamamilə məhv edilir. Bu mexanizmin Azərbaycanda da tətbiqi məqsədi ilə artıq əlaqədar qurumlara təkliflə müraciət olunub. Çünki bu üsulun tətbiqi üçün xüsusi maddələr və qurğuların alınması üçün maliyyə vəsaiti tələb olunur. “Uçan şpris” adlı xüsusi qurğu və maddələr alındıqdan sonra itlər səssiz üsulla məhv ediləcək”, - deyə o bildirdi.
Problemi araşdırarkən “Canlı Ailənin Mühafizəsi” adlı alyansın küçələrdə dolaşan sahibsiz heyvanlar üçün xüsusi sığınacağın tikilməsi təklifi ilə çıxış etdiyini və bu məqsədlə onlara artıq torpaq sahəsinin də ayrıldığını öyrəndik. “Canlı Ailənin Mühafizəsi” Alyansının rəhbəri Mənsurə Rəsulzadənin verdiyi məlumata görə, təşkilat bioloji müxtəlifliyin, ümumiyyətlə canlı adlanan hər bir şeyin rifahını qorumaq üçün yaradılıb və artıq rəsmi olaraq qeydiyyatdan keçib.
“Biz daha çox insanlarla fəaliyyət göstərir, onlarla ünsiyyət qururuq. Çünki insan anlamalıdır ki, əgər mövcud olmaq istəyirsə, yaşadığı yeri və onun balansını, bu sistemi qorumalıdır. Əgər küçədə ölmüş və ya öldürülmüş heyvanın cəsədini qoyub gediriksə, artıq havanı, ətraf mühiti çirkləndirmiş oluruq”, - deyə M.Rəsulzadə qeyd edib.
Sığınacaq məsələsinə gəldikdə isə M. Rəsulzadə artıq bir sahibkar tərəfindən Bakının Maştağa qəsəbəsində 2 hektarlıq torpaq sahəsinin müqavilə əsasında Alyans üçün ayrıldığını dedi: “Bu, Azərbaycanda sahibsiz heyvanların saxlanması və bəslənməsi üçün nəzərdə tutulan ilk sığınacaq olacaq. Biz fikirləşmişik ki, Azərbaycanın hər üç rayonundan birində mərkəziləşdirilmiş qaydada sığınacaq olmalıdır. Məqsədimiz küçədə ardıcıl olaraq ildə iki-üç dəfə bala verən sahibsiz heyvanı nəzarət altına götürməkdir. Yəni itlər, pişiklər toplanaraq bura gətiriləcək, gigiyenik baxımdan təmizlənəcək, quduzluğa və digər yolxucu xəstəliklərə qarşı vaksinasiya ediləcək və qısırlanacaq. Sanitar risklərin qarşısını almaq üçün əlaqələr qurulacaq. Baytarlar, peyvəndlər və anesteziya preparatları da alacağıq".
Mənsurə xanımın sözlərinə görə, ümumiyyətlə, dünya praktikasında sahibsiz heyvanlar ovlanmır, onlar sözügedən prosesi keçdikdən sonra faydalı işlərə cəlb olunur. Biz bu itlərə təlim keçəndən sonra insanlar bu itlərə sahib çıxmaq üçün özləri bizə müraciət edəcəklər. Bir sözlə biz bu heyvanlara vəfalı sahib axtaracağıq. Yəni bu itlər görmə qabiliyyətini itirmiş və yaxud da tək yaşayan insanlara verilə bilər.
“Bundan əlavə, biz it verdiyimiz ailələri qeydiyyata alacağıq və mütəmadi olaraq həmin itlərə nəzarət edəcəyik. Həmçinin, heyvanların reabilitasiya məktəbi olacaq. Bu nə məktəbdir? Tutaq ki, ekoloji məktəb. Məsələn, bina evində yaşayan, eyni zamanda övladının humanist böyüməsini (Heyvanla mehriban davranan insan çox xeyirxah olur) istəyən ailələr var ki, evində canlı saxlaya bilmir. Bizim mərkəz məhz bu ailələrlə əlaqə saxlaya biləcək. Uşaqlar gəlib bizə müraciət etdikdən sonra, sağlam heyvanı özləri gəzdirəcək, onunla davranmağı öyrənəcəklər. Bundan əlavə, ailədən, ailə sevgisindən məhrum olmuş uşaqlar var. Dövlət tərəfindən onlara qulluq edilsə də, bu sevgini onlara yaşadacaq amil yoxdur. Bir sözlə biz həm insanların, həm də heyvanların xeyrinə çox işlər görmüş olacağıq. Populyasiyanın, yoluxucu xəstəliklərin qarşısını alacaq, humanist cəmiyyətin formalaşmasında mühüm rol oynayacağıq. Bütün bunlar proqram şəkilində işlənib hazırlanır”, - deyə M.Rəsulzadə vurğulayıb.
M.Rəsulzadə humanist işlərinin həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət etdiyini bildirib. Onun sözlərinə görə, plan təsdiq olunduqdan sonra, Alyans gələn il “Eurovision” mahnı müsabiqəsinə qədər ölkədə bu sahədə ilk strukturu yaratmış olacaq. O ümid etdiyini bildirib ki, müsabiqənin keçirilməsinədək şəhərimiz sahibsiz heyvanlardan onların öldürülməsi yolu ilə deyil, humanist yolla – sözügedən sığınacağa toplanması yolu ilə təmizlənəcək.