Bakıda yeni ingilis taksilərinin tarifləri müəyyənləşdi

MARAQLI
11:41 13.06.2011
1770
Bundan əvvəl Bakıda işləmək üçün nəzərdə tutulan bənövşəyi rəngli London Taxi TX4 avtomobillərinin ilk hissəsi gətirilmişdi.

Müqavilə çərçivəsində ümumilikdə 1000 ədəd avtomobilin tədarükü nəzərdə tutulub. Avtomobillərin hamısının Bakıya ilin sonunadək gətirilməsi planlaşdırılır.

"Avtomobillərin bir hissəsi artıq fəaliyyət göstərir, qalan hissəsi isə bu günlərdə istismara veriləcək", - mənbə qeyd edib.

Bir müddət əvvəl Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yeni "Baku Taxi Company" şirkəti yaradılıb.

Mənbənin sözlərinə görə, bu şirkət tərəfindən yeni avtomobillərdən istifadə üçün tariflər müəyyənləşdirilib. Tarif bu şəkildədir: sərnişin avtomobilə əyləşən zaman 1 manat, sonrakı hər kilometr üçün 0,7 manat ödəyir.

"Sərnişinlər Bakıdan kənara gedən zaman da yeni avtomobillərin xidmətlərindən istifadə edə bilərlər", - nazirliyin nümayəndəsi qeyd edib.

"Manganese Bronze Holdings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi olan "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.

Azərbaycan Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirilmişdi ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır.

Bakının və Azərbaycan regionlarının taksi ilə təmin olunması üçün müxtəlif istehsalçılardan ümumilikdə 7-8 min ədəd avtomobilin alınması planlaşdırılır.

 

OXŞAR XƏBƏRLƏR