Nəqliyyat Nazirliyinin «Avtonəqliyyatservis» Departamentinin xidmət rəisi Rauf Orucov «APA-ECONOMICS»ə bildirib ki, bundan sonra daha 900 taksi gətiriləcək və ilin sonunadək taksilərin sayı 1000-ə çatdırılacaq.
Yeni taksilərin sürücüləri artıq seçilib. Onlar müxtəlif testlərdən – alkodispanserdən, psixotestdən keçiblər. Onlara taksi xidməti göstərmək üçün xüsusi təlimlər keçirilib. Sürücülərin bir hissəsi ingilis dilində danışa bilir. Taksiləri taksi mərkəzinə zəng etməklə sifariş vermək, həm də xüsusi dayanacaqlarda istifadə etmək mümkün olacaq. Yeni taksilərin dayanması üçün şəhərdə ilkin olaraq 11 dayanacaq nəzərdə tutulub. Gətirilən maşınların sayı artdıqca, dayanacaqlar da çoxalacaq.
Nazirlik rəsmisi bu dayanacaqlara digər taksilərin də buraxılıb-buraxılmayacağı barədə suala birmənalı cavab verməyib. Onun sözlərinə görə, Bakı şəhərində yalnız bu taksilərin işləməsi nəzərdə tutulub: «Hansı taksilərin qanuna müvafiq qaydada lisenziyası varsa, onların məsələsinəbaxılacaq, amma Bakı üçün nəzərdə tutulan taksilər bunlardır».
Yeni taksilərdə gediş haqqı hər kilometrə görə olacaq, amma hələlik bu rəqəmlər açıqlanmır. Bununla yanaşı R.Orucov bildirib ki, yeni taksilərdə tariflər indiyədək işləyən taksilərdəkindən yüksək olmayacaq.
Bakıdan sonra belə taksilərin Gəncə və Sumqayıt şəhərlərinə də buraxılacağı nəzərdə tutulub.
Qeyd edək ki, yeni taksi maşınları Böyük Britaniyanın «Manganese Bronze» şirkətindən alınır.Taksilər Çinin «Geely Automobile Holding»i tərəfindən istehsal olunaraq «Manganese Bronze» şirkətinə göndərilir. «APA-ECONOMICS»in «Manganese Bronze» şirkətinə istinadən verdiyi məlumata görə, bunun üçün Azərbaycan tərəfi Britaniya şirkətinə 16 mln. funt sterlinq (təxminən 26,1 mln. ABŞ dolları) ödəyəcək.
Taksi xidmətlərinin təkmilləşdirilməsi proqramı Britaniyanın «TX4 London Taxis» qrupu iləəməkdaşlıq çərçivəsində həyata keçirilir. Qeyd edək ki, «Manganese Bronze» şirkəti «TX4 London Taxis» üçün bir sıra beynəlxalq (Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Küveyt) sifarişlər həyata keçirib.