Bakı-Gəncə yolunda əsgər anasıyla söhbət...

Bakı-Gəncə yolunda əsgər anasıyla söhbət...
SOSİAL
17:19 03.04.2017
9418
Zəhra Rüstəm-Osmanova
 
Rəhmətlik xalq şairi Zəlimxan Yaqub mənə verdiyi sonuncu müsahibəsində , "Müasir dövrdə insanlar niyə tələsir və çox vaxt kədərli görünürlər" sualına belə cavab vermişdi: "Ona gorə ki, betona yaxın, torpaqdan uzaqdırlar". Vaxt keçdikcə bu cavabı daha yaxşı anlamğa başlayıram.Yaşımın üstünə yaş gəldikcə doğulduğum yerə - Gəncəyə meylim daha da artır. 3 aydan bir Gəncəyə getməsəm, ele bilirəm havam çatmır. ..

...Səhər tezdən oyandım. Hiss etdim ki, boğuluram. Gəncəyə yola düşməyi qərara aldım. Evdən cıxanda hava xoş olsa da, avtovağzala çatar-çatmaz yağış yağmağa başladı. Elə həmin anda əynimi nazik geydiyim üçün ilk peşmanlığımı yaşadım. Sərnişinlər üçün nəzərdə tutulan dəhlizə çatdıqda sürücülərin, "Quba!Quba!", "Şamaxıya 1 nəfər" və s. kimi çağırışları eşidilməyə başladı. Hava getdikce daha da soyumağa doğru gedirdi və mən artıq soyuqdan titrədiyimi hiss edirdim. 

Gəncəyə yola düşən avtobusa yaxınlaşdım. Keçib öz yerimi alanda tanış danışıq eşitdim. "Qadam, yol pulunu verərdin". Dinmədən pulu uzatdım. Bilmirəm nədən idi, səhərdən məni qəribə kədər bürümüşdü. Heç 10 dəqiqə keçmədi ki, əllərində balaca qutu, içində isə min cür xırdavat satanlar avtobusa daxil oldular. Sərnişinlərin az olmasından dilxor olan sürücü hirsini onlara tökdü: "Hələ adam yoxdu, gedin bir azdan gələrsiz". Satıcılar səssiz-səmirsiz geri qayıtdılar. Bir müddət sonra salon dolmağa başladı. Yanımda ağ saçlı, dolu bədənli bir qadın oturdu. Fikirli idi... Yola düsməyimizə 5 dəqiqə qalmış qızım Adelyaya zəng vurdum:

- Adelya, mama qurban, mən səni çox istəyirəm, bilirsən?

- Hə mama, bilirəm...

Elə bu anda gözüm yanımda oturan qadına sataşdı. Gözlərindəki yaşı silirdi. Görməməzlikdən gəldim. Yeri gəlmişkən, nədənsə mənə elə gəlir ki, qadın gözünün yaşını siləndə çöhrəsinə qəribə gözəllik hopur. Sanki məsumluğu daha da artır... 

Xırdavat satanlar ard-arda avtobusa daxil olmağa başladılar. "Kababdan az qaldı, yeməyən ac qaldı", "Semişkadan qalmadı, çırtda ha çırtda" ,"Ləbləbi, xırda- xırda yeməli". Həmin anda düşündüm ki, bu qafiyələr hardan ağla gəlir? Səs-küy getdikcə daha da artırdı. Köməyimə ancaq qulaqcıqlar və radioda səslənən caz saatı çatdı. Pəncərədən görünən mənzərə isə boz və cansıxıcı idi. Sanki yerlə göy birləşmişdi. Pərdəni bağladım. Cazın sədaları altında yuxuya getdim və bir də yolun yarısında ayıldım. Yanımdakı xanıma diqqət yetirdim. Kədərli gözlərilə bir nöqtəyə baxırdı. Pərdəni açdım. Pəncərədən düşən işıq qadının gözlərində yansıyırdı. İstər-istəməz söhbətə başladım:

- Qəşəng gözləriniz var, amma heyif ki kədərlidir. 

- Yox, kədərli deyiləm... 

Qadın əllərini ovmağa başladı. Diqqətlə qadına baxanda gözləri dolmağa başladı. Söhbəti dəyişmək qərarına gəldim. 

- Sevmirəm belə havanı. Hər yer bozdu. 

Qadın gözləri bir nöqtəyə zillənmiş halda danışmağa başladı:

- Bəs bilmirsən bu gün şəhidlərin günüdür? 

Sözün düzü ayın neçəsi olduğunu unutmuşdum və həmin an başa düsdüm ki, aprelin 2-dir. Kəlbəcərin işğal günü və keçən il Lələtəpə düzündə baş verən döyüş... Gizləyməyəcəm, çox utandım... Necə ola bilərdi ki, hansı gün olduğu yadımdan cıxsın? Özümü itirdiyimdən sadəcə susdum, qadın isə söhbətinə davam etdi: 

- Bizim ailə hərbiçidir. Qızım da, oğlum da, özüm də. 

Telefonda şəkillərini göstədi.

- Keçən il bu vaxt o qədər qorxu yaşadım ki... Dedilər oğlun şəhid olub. İnanmadım. Dedim, Fəxrəddin yarı yolda qalmaz. Efirdə şəhid olanların adları səslənəndə Fəxrəddin Qu... eşidib özümdən getmişəm. Düz 7 saatdan sonra oyandım. Sonra məlum oldu ki, Fəxrəddin Qurbanov imiş şəhid olan. Bizim soyadımlz isə başqadı. Həmin an hansı hisslər keçirdim, bir Allah bilir. Onda Allaha yalvardım ki, bütün əsgərləri qorusun içində də mənim balamı. Bayaq da sən uşağınla danışanda ağladım. Göz yaşlarımı saxlaya bilmədim.

- Fikir verdim...

- Mən oğluma zəng edə bilmirəm. Hərbi hissədədir, telefonla danışmağa icazə vermirlər. Çox darıxıramş(Şəkillərinə baxır). 

Həmin anda fikir verdim ki, sanki yer-göy də həmin gün şəhid olanlarımıza ağlayır. Fikir məni götürdü: Görəsən onlar bugünki yağışlı havada üşümədilər ki? 

İçimdə olan narahatlıq söhbətimizi davam etdirməyə imkan vermirdi. Heç qadının da halı o hal deyildi. Görünür düz bir il əvvəl yaşadıqlarıni göz önünə gətirmişdi... Aman Allah, gör həmin gün nə qədər ananın gözü ekranlarda, qulağı radioda qalıb və nə qədər ana qara xəbər eşitməli olub... Düşündükcə adamın vücudu titrəyir. 

...Başımı qaldırdım ki, yanımdakı oturacaq boşdur. O qadının düşüb getdiyini hiss etməmişəm. 

Avtobusdan endim. Yağış gölməçələrdə dairəvi izlər buraxırdı... Adamlar isə yağışdan gizlənmək üçün sağa-sola qaçmırdılar. Mən betondan uzaqlaşıb torpağa qovuşmuşdum.... Daha heç yerə tələsmirdim. Yağış damcılarını bütün varlığımla hiss edirdim...  /// missiya.az
OXŞAR XƏBƏRLƏR