Bakı Vaqif Xaçaturyanı niyə İrəvana qaytardı? - Şərh

Bakı Vaqif Xaçaturyanı niyə İrəvana qaytardı? - Şərh
SİYASƏT
23:57 14.01.2026
2597
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib. Bu addım obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediada aparılan müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalını irəli sürüblər.

AZXEBER.COM xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı mövzunun fərqli olduğunu iddia edib. Onun sözlərinə görə, Vaqif Xaçaturyanın qaytarılmasının məntiqli səbəbi var:

"Xaçaturyanın qaytarılmasında bir məntiq ola bilər: xəstəliyinin ağır olması və ölüm riski;

70 yaşlı cinayətkarın həbsxanada ölməsi beynəlxalq diqqəti Bakıda həbsdə olan ermənilərin üzərinə yönəldə və erməni diasporu/lobbisinin uzun müddətdir nəticə əldə edə bilmədiyi "məhbus kampaniyası”na yeni əsas yarada bilərdi. Bu kampaniya qarşısında indiyə qədər geri çəkilməyən Bakının yanaşması bundan sonra da dəyişməyəcək. Hərçənd, Xaçaturyanın xəstəliyi ölümlə nəticələnəcəyi təqdirdə, yeni vüsət alacaq "məhbus kampaniyası” sülh prosesini koordinasiya edən Vaşinqtonun da prosesə diqqət ayırmasına səbəb ola və nəzərləri xunta rejiminin "rəhbərlərinə” – Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinə yönəldə bilərdi. İstisna deyil ki, Xaçaturyanın təhvil verilməsində hadisələrin bu istiqamətində inkişaf riskləri nəzərə alınıb".

Siyasi şərhçinin fikirlərinə görə, 4 erməninin indi təhvil verilməsi isə iki kontekstdə dəyərləndirilə bilər:

"Birincisi, Ermənistan daxilində Paşinyanın mövqelərini gücləndirməkdir. 4 ermənini İrəvana qaytarması Paşinyana revanşizmi dəstəkləyən kilsəyə qarşı mübarizədə üstünlük qazandırır və cəmiyyətə sülhün nəticələrini təqdim etmək imkanı yaradır.

İkincisi, Bakı-İrəvan xəttində sülh prosesinin praktiki müstəvidə icrasını davam etdirməkdir. Ermənilərin ABŞ və Ermənistan arasında TRİPP layihəsinin (Zəngəzur dəhlizi) icrası ilə bağlı birgə bəyanatın qəbul edilməsi fonunda qaytarılması diqqət çəkir.

4 erməninin İrəvana təhvil verilməsinin başqa məntiqi görünmür. Bütün təzyiqlərə rəğmən ərazi bütövlüyü və suverenliyini bərpa edən, cinayətkarları Bakıda məhkəmə qarşısına çıxaran Azərbaycan dövlətinin Xaçaturyanı "geri çəkildiyi” üçün təhvil vermədiyi bəllidir".
OXŞAR XƏBƏRLƏR